AZ

Azər Fərəcov: “Dərnəgül” dəmiryolu stansiyasında illik sərnişin sayının 500 minə qədər artırılması nəzərdə tutulur VİDEO

Bakı, 8 may, AZƏRTAC

“Dərnəgül” dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb. Bu strateji layihənin tamamlanması Dərnəgül ərazisində yaşayan və işləyən əhali üçün komfortlu və sürətli nəqliyyat imkanları yaratmaqla yanaşı, paytaxtın ümumi nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov “Dərnəgül” dəmiryolu stansiyasının açılışına həsr olunmuş brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, ilk dövrlərdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstəriləcəyi proqnozlaşdırılır.

“2030-cu ilədək yeni qatarların istismara verilməsi ilə bu göstəricinin 500 min sərnişinə qədər artacağı gözlənilir”,- deyə o qeyd edib.

Qeyd edək ki, son illərdə ADY Abşeron dairəvi marşrutunun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb. Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə reys sayı 66-dan 96-ya çatdırılıb.

Videooperator - Mirrəsul Cəfərov

Seçilən
23
azertag.az

1Mənbələr