17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tərəfdaş tədbirlərinin proqramı açıqlanıb. Proqram müxtəlif dünya ölkələrini təmsil edən maraqlı tərəflərin həm yaradıcılığı, həm də fəal iştirakı əks olunan 370-dən çox tədbiri əhatələyir.
Moderator.az xəbər verir ki, bu tədbirlər "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu ətrafında təşkil olunacaq.
WUF13-ün əsas elementlərindən biri olan tərəfdaş tədbirləri yerli və milli hökumətləri, vətəndaş cəmiyyəti institutlarını, akademik dairələri, özəl sektoru, yerli təşəbbüs qruplarını və BMT qurumlarını bir araya gətirərək qlobal şəhərsalma gündəliyini formalaşdıran ideya, həll yolu və praktik təcrübələrin paylaşılması üçün platforma yaradır.
Bu sessiyalar qlobal perspektivləri və yerli həlləri bir araya gətirərək dayanıqlı urbanizasiya ilə bağlı müzakirələrin real təcrübə və əməkdaşlıq müstəvisində aparılmasını təmin etməklə yanaşı, dialoqun inkişafı, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və şəhərləri daha dayanıqlı etmək üçün həyata keçirilən fəaliyyətlərin sürətləndirilməsi baxımından mühüm rol oynayır.
Proqramın tam mətni ilə tanış olun və aşağıdakı tədbir kateqoriyalarının hər biri haqqında ətraflı məlumat əldə edin.
"Şəhərlərin səsi": Qlobal dəyişikliklərə təkan verən yerli perspektivlər
Özündə 50-dən çox tədbiri birləşdirən "Şəhərlərin səsi" kateqoriyası yerli hökumətlərin, eləcə də icma liderləri və yerli təşəbbüs qruplarının perspektivlərini ön plana çıxarır.
Şəhər və icmaların transformasiyası üzrə istənilən strategiyanın əsasını şəhər reallıqlarına ən yaxın olan insanların konstruktiv iştirakı təşkil edir. Bu sessiyaların məqsədi şəhərlərarası əməkdaşlığın təşviqini həyata keçirmək, şəhərsalma sahəsində mövcud problemlər və həll yolları ilə bağlı şəxsi təcrübələri ön plana çıxarmaq, eyni zamanda şəhərləri formalaşdıran insanların səsini daha görünən etməkdir.
