Regionda həyata keçirilən enerji layihələri təkcə hasilat göstəriciləri ilə deyil, həm də yüksək beynəlxalq standartlara və ekoloji məsuliyyət prinsiplərinə uyğunluğu ilə fərqlənir. Bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib
Aslanbəyli vurğulayıb ki, BP-nin fəaliyyət göstərdiyi mühit yüksək riskli sənaye sahəsi olduğu üçün əməliyyatların həm yerli qanunvericilik, həm də qlobal direktivlər çərçivəsində tənzimlənməsi şirkətin dəyişməz prioritetidir.
"Dövrün tələblərinə uyğun olaraq, biznes modellərinin mərkəzində ESG (ekoloji, sosial və idarəetmə) meyarlar dayanır. Bizim fəaliyyətimiz mürəkkəb və riskli sahədir. Buna görə də işimizi təkcə daxili qaydalarla deyil, ən qabaqcıl beynəlxalq standartlarla tənzimləyirik. Layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi və sosial müəssisələrin dəstəklənməsi fəaliyyətin ayrılmaz hissəsidir",- o vurğulayıb.
Bəxtiyar Aslanbəylinin sözlərinə görə, beynəlxalq standartların tətbiqi həm də əməliyyat təhlükəsizliyinin təminatıdır. O bildirib ki, realistik hədəflər və şəffaf idarəetmə modeli tərəfdaşlarla münasibətlərdə etibarlılığı artırır və regionun enerji təhlükəsizliyindəki rolunu möhkəmləndirir.
Aytac Zeynalova