AZ

“Əlavə imtahan şagirdlər üçün mühüm fürsətdir” – Ramin Nurəliyev

Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin 17 may tarixində keçirəcəyi əlavə imtahanların mühüm əhəmiyyət daşıdığını bildirib.

Təhsil eksperti QHT.az-a açıqlamasında qeyd edib ki, imtahan doqquzuncu sinifdən kolleclərə qəbul olmaq istəyən əvvəlki il məzunları, əsas buraxılış imtahanında iştirak edə bilməyən şagirdlər, eləcə də tədris və xarici dili fərqli olan abituriyentlər üçün nəzərdə tutulub.

Ekspertin sözlərinə görə, müxtəlif üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən şagirdlərə əlavə imkan yaradılması olduqca təqdirəlayiq addımdır:

“Bu təşəbbüs şagirdlərin təhsil istiqamətində imkanlarının itirilməsinin qarşısını alır və onların həm qiymətləndirmə, həm də orta ixtisas təhsil müəssisələrinə qəbul baxımından əlverişli şərait əldə etməsinə şərait yaradır”.

R.Nurəliyev bildirib ki, Dövlət İmtahan Mərkəzi həm doqquzuncu, həm də on birinci sinif şagirdlərinə əlavə dəstək göstərir və bu yanaşma humanist addım kimi qiymətləndirilməlidir.

Ekspert eyni zamanda imtahan qaydalarına ciddi əməl olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, qadağan olunmuş əşyaların imtahana gətirilməsi, köçürmə halları və digər qeyri-qanuni addımlar qəbul edilməzdir:

“DİM tərəfindən bu hallar təsbit olunarsa, abituriyentin nəticəsi ləğv edilir və onun müsabiqədə iştirak hüququ məhdudlaşdırılır”.

R.Nurəliyev bildirib ki, bütün qaydalar hər bir abituriyent üçün eyni şəkildə tətbiq olunur və qanunsuz üsullarla üstünlük əldə etməyə çalışmaq digər şagirdlərin hüquqlarına müdaxilə hesab edilə bilər.

Ekspert əlavə edib ki, imtahan öncəsi psixoloji hazırlıq, vaxtın düzgün idarə olunması və qaydalara riayət edilməsi uğur qazanmaq üçün əsas amillərdəndir. O, bütün abituriyentlərə uğurlar arzulayaraq imtahanlarda rahat və səmərəli iştirak etmələrinin vacibliyini qeyd edib.

Zəhra Ağayeva

Seçilən
16
qht.az

1Mənbələr