AZ

Azərbaycanda özəl “qocalar evi” açmaq olar?

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda hazırda ahıllar üçün sosial xidmət müəssisəsində 222 ahıl şəxs yaşayır.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.Belə ki, onlardan 124-ü kişi, 98-i qadındır.

Qeyd edək ki, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir.

Bu müəssisədə stasionar formada sosial xidmətlər göstərilir, ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir.

Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir.

Ahıllara sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.

Bəs Azərbaycanda özəl “qocalar evi” varmı və ya yaradılmasına qanunvericiliklə icazə verilirmi?

Vəkil Rəhim Xoyski “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, özəl ahıllar evlərinin (sosial xidmət müəssisələrinin) açılmasına və fəaliyyət göstərməsinə icazə verilir:

“Bu fəaliyyət sahəsi əsasən “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna görə, sosial xidmət həm dövlət, həm də qeyri-dövlət (özəl və bələdiyyə) sosial xidmət müəssisələri, habelə fiziki şəxslər tərəfindən göstərilə bilər.

Qanunun 25-ci maddəsinə və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş qaydalara əsasən, sosial xidmətlər dövlət tərəfindən zəmanət verilmiş həcmdən artıq olduqda və ya xüsusi müraciət əsasında tam ödənişli və ya qismən ödənişli şərtlərlə göstərilə bilər.

Özəl sosial xidmət müəssisəsiylə xidmət alan şəxs (və ya onun qanuni nümayəndəsi, qohumları) arasında xidmətlərin həcmi, müddəti və ödəniş məbləği müəyyən edilən mülki-hüquqi müqavilə bağlanır”.

Vəkil qeyd edir ki, özəl “qocalar evi” açmaq istəyən şəxslər müvafiq dövlət standartlarına (sanitariya-gigiyena, yanğın təhlükəsizliyi, qida təhlükəsizliyi və s.) və sosial xidmət müəssisələri üçün müəyyən edilmiş digər normativlərə əməl etməlidirlər:

“Beləliklə, qanunvericilik həm dövlət müəssisələrində ödənişli xidməti, həm də özəl sektorun bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını birbaşa nəzərdə tutur”.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

“qocalar evi” Rəhim Xoyski

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr