MilliYol.az xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib.
O, təxminən 1 ildir davam edən məhkəmə prosesində hər şeyin sübut olunduğunu, uşaqları geri aldıqlarını bildirib: "Məhkəmədə hər şey aydın oldu və uşaqlarımıza qarşı heç bir şiddət olmadığı sübut edildi. Yaşananların böyük bir yanlış anlaşılmadan ibarət olduğu ortaya çıxdı. Şükürlər olsun ki, bu gün balalarımızı yenidən qucağımıza aldıq”.
G.Abdullayeva bu məsələdə onların hüquqlarını Almaniyada yaşayan azərbaycanlı vəkilin müdafiə etdiyini sözlərinə əlavə edib.
Xatırladaq ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Bundan sonra Almaniya tərəfi ananın bir neçə ay əvvəl xəstəxanada övladına əzab verdiyini iddia edərək övladlarının Avropadan çıxışına qadağa qoyub. Avqustun 6-sı ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıb. Bu zaman Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.
Daha sonra Azərbaycanın Fransadakı səfirliyi məlumat yayararaq uşaqların Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarıldığını bildirmişdi.



