AZ

İran nüvə şərtlərini rədd edərsə, bölgədə nə baş verəcək?

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın İrana uranın zənginləşdirilməsindən uzunmüddətli imtina etməsi ilə bağlı tələbləri regionda ciddi müzakirələrə səbəb olub. The Wall Street Journal və CNN kimi mənbələr Vaşinqtonun nüvə proqramının məhdudlaşdırılması üçün sərt şərtlər irəli sürdüyünü yazır. Bu tələblərə nüvə obyektlərinin sökülməsi və zənginləşdirilmiş materialların ölkədən çıxarılması da daxildir. Axios isə tərəflərin mümkün razılaşmaya yaxın olduğunu bildirir və İranın cavabının yaxın saatlarda açıqlanacağını qeyd edir.İran bu təklifləri qəbul edəcək, yoxsa danışıqlar daha da gərginləşəcək?

Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ–İran nüvə danışıqları hazırda ənənəvi təzyiq və kompromis mərhələsindədir. Vaşinqtonun əsas məqsədi İranın uranı yüksək səviyyədə zənginləşdirmə imkanını uzunmüddətli şəkildə məhdudlaşdırmaqdır. İran isə bunu öz suveren hüququ və təhlükəsizlik məsələsi kimi təqdim edir. Məhz buna görə tərəflərin mövqeləri prinsipial olaraq hələ də kifayət qədər uzaq görünür.

“Hazırkı vəziyyətdə İranın ABŞ-nin bütün şərtlərini tam şəkildə qəbul etməsi real görünmür. Xüsusilə nüvə obyektlərinin sökülməsi və zənginləşdirilmiş materialların ölkədən çıxarılması Tehranda geri addım kimi qiymətləndirilə bilər. Digər tərəfdən, tərəflərin tam qarşıdurmaya getmək istəmədiyi də hiss olunur. Görünən odur ki, pərdəarxası diplomatik kanallar işləyir və müəyyən kompromis variantları müzakirə olunur”, — deyə şərhçi bildirib.

Şərhçi hesab edir ki, region üçün əsas risk ondan ibarətdir ki, danışıqlar uğursuz olarsa, İsrail–İran xəttində hərbi gərginlik daha da arta bilər və bu, Yaxın Şərqdə yeni təhlükəsizlik böhranı yaradar. Buna görə həm Vaşinqton, həm də Tehran sərt ritorikaya baxmayaraq danışıqlar masasını tam tərk etmək istəmirlər.

Mərahim Nəsibin fikrincə, İranın ABŞ-nin bütün tələblərini qəbul etməsi ehtimalı zəifdir. Amma tərəflərin məhdud və mərhələli kompromisə getməsi daha real ssenari kimi görünür.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizimyol.info

1Mənbələr