Sabah 9 May faşizm üzərində qələbənin 81-ci ildönümüdür. İkinci dünya müharibəsində Hitler Almaniyasının məğlubiyyətinin rəsmiləşdirildiyi 9 may tarixi başda Rusiya olmaqla bir sıra dövlətlərdə hər il bayram kimi qeyd olunur.
Vətəninfo.az xəbər verir ki, Azərbaycanda 9 may qeyri-iş günüdür.
Lakin Azərbaycanda 9 mayda parad keçirilmir. Azərbaycan dövləti İkinci dünya müharibəsi veteranlarına, onların ailələrinə daim qayğı ilə yanaşıb və ənənə indi də davam etdirilir. Hər il 9 may Qələbə günü münasibətilə ölkə prezidentinin qərarı ilə veteranlara birdəfəlik maddi yardım verilir.
Qələbənin 81-ci ildönümü ilə əlaqədar aprelin 24-də Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci
Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır. İkinci Dünya müharibəsində 600 mindən yuxarı Azərbaycanlı iştirak edib. Müharibədə sağ qalıb geri dönənlərin sayı 400 min nəfərə yaxın olub. Həmin şəxslərin hamısı rəsmi olaraq müharibə veteranı hesab olunurdu. Üzərindən 81 il keçdikdən sonra onların hazırda cəmi 13 nəfəri həyatdadır.
Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.
Azərbaycan keçmiş SSRİ respublikaları sırasında ikinci dünya müharibəsi iştirakçılarına bayramda ən yüksək məbləğdə birdəfəlik maliyyə yardımı edən ikinci dövlətdir. Birinci sırada Qazaxıstandır (1 milyon rubl – 18000 manat). Rusiyada isə federal səviyyədə veteranlara verilən birdəfəlik ödəniş cəmi 10 min rubl (220 manat) təşkil edir.Musavat.com