AZ

Azərbaycanda nikahla bağlı mühüm QƏRAR

Ali Məhkəmə nikahın etibarlı hesab olunması ilə bağlı vahid təcrübə müəyyən edib.

Ali Məhkəmədən Heftelik.az-a verilən xəbərə görə, Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

İş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hələ qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.

Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası bu qərarı ləğv edib və iddianı rədd edib. Məhkəmə qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.

Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də iddiaçının atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.

Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.

Kassasiya instansiyası da bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Seçilən
0
33
heftelik.az

10Mənbələr