AZ

Milli Məclisdə Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə ölkəmizdə keçirilən “Ədalətli İdman Ayı – 2026” çərçivəsində Milli Məclisdə görüş təşkil olunub.

AMADA-dan AZƏRTAC-a bildirilib ki, görüş Milli Məclisin Gənclər və idman komitəsi ilə AMADA-nın birgə əməkdaşlığı əsasında baş tutub.

Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi, bu istiqamətdə görüləcək hazırlıq işləri, eləcə də təmiz və ədalətli idman prinsiplərinin təşviqi ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan bəhs edib, beynəlxalq arenada qazanılan nailiyyətlərin təmiz idman prinsiplərinə sadiqliklə daha da möhkəmləndiyini vurğulayıb. O, yeni Məcəllənin tətbiqinin ölkədə antidopinq siyasətinin daha da təkmilləşdirilməsinə və idmanda şəffaflığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə yeni Məcəllənin əsas yenilikləri, beynəlxalq standartlarda nəzərdə tutulan dəyişikliklər və onların ölkə idmanına mümkün təsirləri barədə ətraflı məlumat verib. O, antidopinq sahəsində maarifləndirmə fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, idmançılar, məşqçilər və idman ictimaiyyəti arasında təmiz və ədalətli idman prinsiplərinin təşviqinin yeni standartların effektiv tətbiqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, komitə üzvləri ilə AMADA əməkdaşları arasında antidopinq siyasətinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə növbəti görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
8
azertag.az

9Mənbələr