Çeçen əsilli UFC döyüşçüsü Həmzat Çimayev Adam Kadırov tərəfindən bahalı avtomobillə mükafatlandırılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Kavkaz.Realiy” saytı yazıb.
Ona təqdim olunan “Mercedes-Maybach” markalı avtomobilin minimal qiymətinin 20 milyon rubl civarında olduğu bildirilir. Hədiyyənin hansı mənbədən maliyyələşdirildiyi açıqlanmayıb.
Avtomobilin təqdim edilməsi anının videosu Çimayevin ABŞ-dakı məşqlərini və gündəlik həyatını işıqlandıran “Kino” şirkətinin sosial media hesabında yayımlanıb. Paylaşımda “Həmzat Çimayev üçün möhtəşəm hədiyyə” ifadəsi yer alıb.

Döyüşçü özü də avtomobillə fotosunu paylaşaraq, Kadırova ünvanladığı təşəkkürü çeçen dilində belə ifadə edib: “Uca Allah sənin hədiyyəni bərəkətli etsin”.
Diqqətçəkən məqamlardan biri də Çimayevin avtomobili qəbul edərkən əlində “K13” adlı enerji içkisi saxlaması olub. Bu brend də məhz Adam Kadırovla əlaqələndirilir və istehsalına bu ilin aprelində Çeçenistanda başlanılıb. Döyüşçü bundan əvvəl həmin məhsulun reklamını da paylaşıb.
Qeyd edək ki, bu, Çimayevin Kadırov ailəsindən aldığı ilk bahalı hədiyyə deyil. O, 2023-cü ilin oktyabrında UFC 294 turnirində Kamaru Usman üzərində qələbədən sonra da milyonluq avtomobil əldə etmişdi. Daha əvvəl — 2021-ci ildə isə ona iki “Mercedes” hədiyyə olunmuşdu; onlardan biri qəzaya uğramışdı.
Həmzat Çimayev beynəlxalq arenada tez-tez Ramzan Kadırov ailəsi ilə yaxın münasibətlərinə görə tənqid olunur. Müxtəlif dövrlərdə bu səbəbdən onun ABŞ vizası ilə bağlı problemlər yaşadığı bildirilib. Daha sonra isə döyüşçü BƏƏ vətəndaşlığı alıb.
Son olaraq onun rəqibi Şon Striklend Çimayevin Kadırov ailəsinə “asılı münasibətdə” olduğunu iddia edib. Bundan əlavə, “Amnesty International” kimi beynəlxalq təşkilatlar və bəzi MMA idmançıları da onun bu əlaqələrini kəskin tənqid ediblər.
Xatırladaq ki, “K13” enerji içkisi ilk dəfə Ramzan Kadırov tərəfindən təqdim olunub. Bu isə maraqlı məqam kimi qeyd olunur, çünki o, daha əvvəl respublikada enerji içkilərinin satışını məhdudlaşdırmışdı.
Musavat.com