AZ

"Məmurlar yerində olmayanda prosesi düzgün tənzimləyə bilmirlər" -Fazil Mustafadan Bakıdakı yeniliyə REAKSİYA

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Eyni zamanda Bakıda tramvay nəqliyyat növü ilə sərnişindaşıma xidmətinin təşkilini “Bakı Metropoliteni” QSC həyata keçirəcək.

Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a açıqlamasında qeyd etdi ki, son zamanlar nəqliyyat sahəsində yeniliklər tətbiq olunur və ölkə Prezidenti İlham Əliyev də bu istiqamətdə məsələlərin düzgün tənzimlənməsini nəzərə alaraq belə bir addım atır.

Millət vəkilinin fikrincə, bu addımın gerçəkləşməsi məmurların qabiliyyətindən asılı məsələyə çevrilib:

"Belə qurumlar son vaxtlar yaranır, amma məmurlar yerində olmayanda bu prosesi düzgün tənzimləyə bilmirlər və burada müəyyən dərəcədə vətəndaşlar üçün də çətinliklər yaranır. Ümid edək ki, metropoliten sistemi bu işin öhdəsindən gələ biləcək. Çünki nəqliyyat bütövlükdə vahid bir əldə cəmlənməli və konkret məsuliyyət olmalıdır. İndi nəqliyyata görə konkret məsuliyyət daşıyan yoxdur. Məsələn, cərimələri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yığır. Nəqliyyatın tənzimlənməsi isə indi metropolitenə verilib. Görək onda necə olacaq, hansı formada məsuliyyət bölüşdürüləcək? Bunlar çox önəmlidir. Təbii ki, bu sərəncamda bunlar göstərilir, amma bütövlükdə düzgün məmurların işə cəlb olunması prosesi daha da irəli apara və gözləntilərə cavab verə bilər. Bu böyük bir prosesdir. 4 milyondan artıq insanın yaşadığı şəhərdə bunu tənzimləmək elə də asan məsələ deyil. Yol-nəqliyyat və digər yol infrastrukturu da çox problemli vəziyyətdədir. Ümid edək ki, bunlar həll olunacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
34
1
redaktor.az

2Mənbələr