"Rusiyaya yaxın bəzi ölkələrdən nümayəndələrinin Moskvaya qatılmağı planlaşdırdıqları barədə sorğular aldıq. Biz bunu tövsiyə etmirik".
Ölkə.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xarici ölkələrin nümayəndələrinə Moskvada keçiriləcək 9 May şənliklərində iştirakla bağlı mövqeyini açıqlayarkən deyib.
O xatırladıb ki, Kiyev əvvəllər Moskvaya 6 maydan etibarən atəşkəs təklif etmişdi, lakin cavab olaraq yalnız əlavə hücumlar və təhdidlər almışdı.
Zelenski Kremlin yalnız Moskvadakı parad müddətində hərbi əməliyyatlarda müvəqqəti atəşkəs əldə etmək cəhdini tənqid edib. "Biz paradlara deyil, insanlara dəyər verməliyik. Biz sülh yaratmalıyıq, dünya paytaxtlarında fasilə diləmək üçün qaçmaq yox", - Zelenski bildirib.
Yaranmış durumla əlaqədar olaraq Rusiya Müdafiə Nazirliyi 2007-ci ildən bəri ilk dəfə Qələbə Günü paradında hərbi texnikanın sütununun nümayiş olunmayacağını açıqlayıb. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı mövqeyini açqlayarkən deyib ki, "əməliyyat vəziyyəti" və Kiyevdən gələn "terror təhlükəsi" səbəbindən tədbir "qısaldılmış formatda" keçiriləcək.
Rusiya Prezident Administrasiyası xarici jurnalistlər üçün parada dəvətləri ləğv edib. Der Spiegel, ARD, ZDF, Sky, Rai və NHK televiziya kanallarının, eləcə də AFP xəbər agentliyinin akkreditasiyası ləğv edilib. Kreml Der Spiegel nümayəndəsinə bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq, paradı işıqlandırma formatı dəyişdirilib, ona görə də artıq akkreditasiyadan keçmiş xarici mediaya artıq icazə verilməyəcək.
Kremlin məlumatına görə, Belarus, Malayziya, Laos və qismən tanınan Abxaziya və Cənubi Osetiya liderləri Rusiya paytaxtında keçiriləcək Qələbə Günü paradında iştirak edəcəklər. Slovakiyanın Baş naziri və Serbiya prezidenti də iştirak edəcəklər. Bu, 2022-ci ildən bəri keçmiş sovet ölkələrindən ən az lider sayıdır. Həmin vaxt Moskvaya heç bir xarici dövlət başçısı getməyib və Putin yürüş kolonlarını təkbaşına qarşılayıb.
Mürtəza