AZ

Cəsarətli susqunluq öhdəliyi...

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Nazir Baronun çıxışı: Cənubi Qafqaz sülhünə Fransa təhlükəsi...Fransa yenə öz ampluasındadır. Ümumiyyətlə, Fransa siyasətini sağlam məntiqlə anlamaq çətindir. Nə etmək istəyir bu dövlət? Bu sualın cavabını, görünür, heç Fransa özü də bilmir.Ən çətin adamlar nə istədiyini bilməyən adamlardır.

Bu cür adamlardan biri də Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barodur.

Adam bu il yanvarın 27-dəki çıxışında Ermənistanla Azərbaycan arasında və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini dəstəkləmişdi. Mart ayında bu mövqeyini yenə də təkrarlamışdı. Aprelin 29-da isə Parisdə Ermənistan səfirliyinin yeni binasının açılışında Baro rəsmi İrəvanı ayrıca tərifləmiş və belə demişdi: "Ermənistanın Azərbaycanla sülh istiqamətində cəsarətli öhdəliyi Cənubi Qafqazda yeni üfüqlər açıb."

(Bu "cəsarətli öhdəlik" məsələsinə hələ qayıdacam).

Ancaq Baro bütün bunlardan sonra - mayın 6-da Fransa Senatındakı çıxışında əvvəl dediklərinin üstündən xətt çəkən, ya da ən azı kölgələyən cümlələr qurub, Azərbaycanın haqlı olaraq "təxribatçı" adlandırdığı kəlmələr, fikirlər söyləyib (təbii, əgər bunlara "fikir" demək olarsa).

Baro öz çıxışında "Dağlıq Qarabağ" ifadəsi işlədib, halbuki belə bir coğrafi termin, toponim, belə bir region yoxdur.

Xüsusilə, nazir bölgənin Azərbaycana məxsusluğuna vurğu salmamaqla özünün də, ölkəsinin də bu məsələdə sağlam mövqe tutmadığını bir daha göstərib.

Bundan başqa Fransalı nazir Azərbaycanda erməni dini və milli mədəni irsinin qorunmasının vacibliyi haqda danışır.

Azərbaycan, təbii ki, buna adekvat cavab verməli idi və o reaksiyanı da göstərib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin açıqlamasında rəsmi mövqe belə ifadə olunub: “Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik".

Başqa sözlə, Fransalı nazir bu ilin əvvəlindən bəri dəfələrlə dəstəklədiyi sülh prosesinə zərər verən çıxış edib - özü özünə qarşı çıxıb, əvvəlki fikrini təkzib, özünü inkar edib.

Eyni məsələyə dair bir başda iki fərqli fikir isə, yumşaq desək, psixoloji problemlərdən xəbər verir.

İkincisi, təkrar edirəm: Baro aprel ayında demişdi ki, Ermənistanın Azərbaycanla sülhə dair götürdüyü "cəsarətli öhdəlik Cənubi Qafqazda yeni üfüqlər açır".

Bəs onda Fransa bu "üfüqlər"i niyə bağlamağa çalışır?! Ondan da qəribəsi budur: Baronun "cəsarətli" adlandırdığı dövlətin heç bir rəsmi şəxsi Fransalı nazirin gerçəkdən təxribat xarakterli bu çıxışına adekvat şərh, cavab vermir, Ermənistan mediası isə bunu az qala bayram edir. Cəsarətli öhdəlik götürən öz öhdəliyinin arxasında cəsarətlə dayanar. Ancaq şəxsən mən hazırda Ermənistan hökumətinin Jan Noel Baronun çıxışına qarşı hər hansı cəsur reaksiyasını hələ ki görmürəm.

Ermənistan hökuməti ya Baroya cavab verməyə cəsarət eləmir, ya da onunla eyni fikirləri, eyni mövqeyi bölüşür.

Bunun hər ikisi pisdir.

Biri ilə dost olmaq, strateji müttəfiq olmaq, onun yanlışlarına da ortaq olmaq deyil. Belə strategiya olmur. Dostluq heç olmur.

Cənubi Qafqazda sülh, sabitlik təkcə Azərbaycanın deyil, həm də Ermənistanın, eləcə də, Gürcüstanın milli maraqlarına uyğundur. Azərbaycan və Gürcüstan bunu bilir, bu bilinclə hərəkət edir. Ermənistanda bu düşüncədədirsə (bölgədə sülhü, sabitliyi öz milli marağı kimi görürsə), Fransalı nazirə cavab verməlidir.

Axı hər dövlət öz milli maraqlarını qorumaqla mükəlləfdir. İrəvanda Makronla duet oxumaq o demək deyil ki, rəsmi Paris hansı havanı çalsa, sümüyünə düşdü-düşmədi, İrəvan o mahnıya oynamalısan.

Belə çıxır ki, Ermənistan Rusiyanın timsalında bir "böyük qardaş"ı Fransanın simasında (ya da simasızlığında) başqa bir "böyük qardaş"la əvəz edir?! Həm də onun hər dediyinə səsli və susqun razılıq verməklə.

Dahi fransız yazıçı Viktor Hüqo demişdi: "Susmaq -heç nə deməmək deyil, həqiqəti deməməkdir".

Həqiqət isə budur ki, Fransa Ermənistandan özünə TAMHÜQUQSUZ vassal düzəltməyə çalışır, İrəvan da, necə deyərlər, başını əyib, Parisin 'suyuna gedir". Budur "cəsarətli öhdəlik"?! Ümumiyyətlə, cəsarət belə olur?!

Ermənistan seçki ərəfəsindədir. İndiki hökumət öz rəqiblərinə - Rusiyanın açıq-aşkar hakimiyyət başında oturtmağa çalışdığı Köçəryana və sair "müharibə partiyası" deyir. Onların - revanşistlərin hakimiyyətə qayıtması Ermənistanı yeni müharibəyə sürükləyər" deyir. Baş nazir Nikol Paşinyan hətta bunun erməni dövlətçiliyini məhv edəcəyini də bildirib çıxışlarında.

Qərbə inteqrasiya yolunu seçmək zərurətini müdafiə edir Paşinyan. Ancaq Baronun Fransa Senatındakı çıxışı bütün bu məqsədlərlə ziddiyyətdədir. Baronun o təxribatçı açıqlamaları Paşinyanın deyil, Köçəryanın, Sarqsyanın, Karapetyanın revanşist (mahiyyətcə faşist) narrativlərini möhkəmləndirir.

Bir sözlə, Baronun açıqlamaları Paşinyanı devirib, yerində Rusiya dəstəkli oyuncaq hökumət qurmaq istəyənlərin işinə yarayır. Həm də, dediyim kimi, seçki ərəfəsində.

Bəs onda niyə Nikol Paşinyan, Alen Simonyan, Ararat Mirzoyan və sair və ilaxır çıxıb Jan Noel Baroya yerini göstərmirlər? Niyə Fransalı nazirə: "Rusiyanın narrativləri ilə danışmayın, bizi pis vəziyyətə salırsınız" demirlər. Bu, Ermənistan tərəfindən heç də böyük cəsarət istəmir.

Nə vaxta qədər bölgədə sülhü təhdid edənlərə təkcə Azərbaycan cavab verməlidir?! Sülh - ən azı iki partnyorun rəqsidir; rəqsdə - illah da doğru hədəf götürən siyasi oyunda hərəkətlər, jestlər bir-birinə uyumlu olmalıdır.

Bəs hanı Ermənistanın mövqeyi?!

Heç nə demirəm, axı təkcə dini, milli, mədəni irsi qorumaq mövzusuna giriləndə uduzan Ermənistan olacaq: Qarabağda, Şərqi Zəngəzurda dağıdılmış şəhələr, kəndlər, Azərbaycanın milli, dini, tarixi, mədəni, hətta təbiət abidələrinin xarabalıqları göz qabağındadır.

Təbii, görmək istəyən üçün.

Ayrıca bir nüans da var: Baro "Dağlıq Qarabağ" ifadəsi işlədəndə, bu bölgənin Azərbaycana məxsusluğunu qəsdən vurğulamayanda - Qarabağı sanki ayrı (ayrıca) bir siyasi-coğrafi vahid kimi göstərməyə çalışanda, bu, Ermənistanda hələ də qalıqları mənzillənib qalmış keçmiş separatçı-terrorçu xuntanın ən azı linqvistik legitimləşdirilməsinə kömək edir. Bu da Paşinyan və komandası daxil olmaqla Ermənistan dövlətinə, dövlətçiliyinə təhlükədir.

Bütün bunları nəzərə aldıqda "demokratik" hökumətin Moskva dəstəkli separatçı-terrorçu zehniyyətə bu cür "fil səbri" göstərməsi, qanunsuz təsisatları ləğv etməməsi də ən azı qəribədir (əgər şübhəli deyilsə).

Bu baxımdan, Baronun çıxışı Azərbaycan qədər Ermənistanın da daxili işlərinə müdaxilədir. Ancaq Azərbaycandan fərqli olaraq Ermənistan Fransalı nazirin bu təhlükəli təxribatçı hərəkəti qarşısında susur. Həm də fransız yazıçı Viktor Hüqonun dediyi anlamda susur.

Bəli, Hüqonun sözləri həqiqətən yerini alır: susmaq- heç nə deməmək deyil...

Görünür, Ermənstanın Fransa qarşısında "cəsarətli" susqunluq öhdəliyi var...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr