AZ

 Sahibkarlığın inkişafına dəstək 

Siyəzən rayonunda sahibkarların yun emalı müəssisəsinin yaradılması, arıçılıq və quşçuluq müəssisələrinin inkişafı, eləcə də güzəştli kredit və subsidiyaların verilməsi məsələləri dövlət qurumlarının nümayəndələri ilə birlikdə müzakirə edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş görüşdə rayonun iqtisadi potensialından daha səmərəli istifadəyə dair dövlət-sahibkar əməkdaşlığı çərçivəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kənd təsərrüfatı, quşçuluq, heyvandarlıq, ictimai iaşə və ticarət sahələrində fəaliyyət göstərən 90-a yaxın biznes subyekti, eləcə də sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə icra hakimiyyətinin  başçısı Novruz Novruzov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlığın inkişafı, investisiya qoyuluşu üçün imkanlar və dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, burada turizm, xidmət və logistika sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Rayonun sənaye və kənd təsərrüfatı potensialı isə emal və qablaşdırma sahələrinin genişləndirilməsinə imkan verir.

Həmçinin bildirilib ki, belə görüşlər qarşılıqlı əməkdaşlıq və dəstək sisteminin inkişafı baxımından əhəmiyyətlidir və sahibkarlar bu görüşlərdə fəal iştirak etməlidirlər. Görüş zamanı sahibkarlar onları maraqlandıran məsələlər və ehtiyacları ilə bağlı təklif və müraciətlərini səsləndiriblər. Suallar cavablandırılıb və qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılacağı qeyd edilib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
9
4
azerbaijan-news.az

5Mənbələr