AZ

"Dünyada minalarla ən çox çirklənmiş iki-üç ərazidən biri də Qarabağdır" - Emin Həsənli

"Mina sahəsi ilə ancaq peşəkarlar məşğul olur. Başqa sahə ilə qeyri-peşəkar məşğul ola bilər, amma mina ilə peşəkar məşğul olmasa, onu basdıran da özü minaya düşər. Minalanmış ərazi üçün xəritə tərtib edilir. Bu xəritələr üç nüsxədən ibarət olur. Biri hərbi hissədə qalır, biri hərbi birləşmənin qərargahına verilir, biri də Müdafiə Nazirliyinə göndərilir. Yəni bunlar hərbi elmin prinsipləridir və pozulmaz qaydalardır".

Bu barədə Redaktor.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli azad olunmuş ərazilərdəki mina problemindən danışarkən bildirdi.

Onun sözlərinə görə, həmin ərazilərdə Ermənistan ordusu və Rusiya sülhməramlıları minaya düşməyib:

"Minalı ərazilərin xəritələri olub və Ermənistanın verdiyi xəritələrin də təxminən 25 faizi düzgün çıxıb. Hətta İkinci Dünya müharibəsinin qalıqları olan ərazilər də var ki, orada hələ də partlayışlar baş verir. Bunu birdəfəlik aradan qaldırmaq mümkünsüzdür.

Təəssüf ki, Ermənistan beynəlxalq normalara əməl etmədi və məsuliyyəti üzərindən atdı. İndi isə Azərbaycan dövləti əraziləri minadan təmizləmək üçün Müdafiə Nazirliyi, hərbi hissələr və Minatəmizləmə Agentliyi vasitəsilə geniş işlər görür. Hava limanları tikilir, yollar çəkilir, şəhərlər, kəndlər və qəsəbələr bərpa olunur, dəmir yolu xətləri salınır. Böyük işlər görülür və hesab edirəm ki, Azərbaycan dövləti bu məsələnin öhdəsindən gələcək.

Amma çox böyük təəssüflə qeyd edirik ki, 400-ə yaxın mina qurbanımız olub. Qısa müddətdə bu prosesin 100 faiz yekunlaşması da mümkünsüzdür. Dünyada minalarla ən çox çirklənmiş iki-üç ərazidən biri də Qarabağdır".

Aytəkin TOFİQQIZI

Seçilən
0
1
redaktor.az

2Mənbələr