Son dövrlər saxta və keyfiyyətsiz dərmanlarla bağlı iddialar cəmiyyətdə ciddi narahatlıq yaradır. Xüsusilə dərmanların təsirsiz olması, saxlanma şəraiti və istifadə müddəti ilə bağlı yayılan məlumatlar insanların bu sahədə daha diqqətli olmasına səbəb olub.
Redaktor.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev bildirdi ki, adi insanlar, hətta həkim belə olsa, dərmanı birbaşa aptekdən alırsa, onun saxta olub-olmadığını ilk baxışdan müəyyən edə bilməz:
"Çünki bəzi hallarda dərmanın istifadə müddəti bitir və sonradan həmin tarix kağız üzərində dəyişdirilir. Dərmanların keyfiyyətinə isə ölkəmizdə fəaliyyət göstərən müvafiq ekspertiza və laboratoriya qurumları cavabdehdir. Əgər həkim dərman yazırsa, xəstə də həmin dərmanı həkimin göstərişinə uyğun, lazım olan qaydada qəbul edir, amma heç bir təsiri olmursa, təbii ki, vətəndaşın bununla bağlı aidiyyəti qurumlara, hətta məhkəməyə qədər müraciət etmək hüququ var".
O, qeyd etdi ki, saxta dərmanlar toksik təsirlər və allergik reaksiyalar da yarada bilər:
"Belə hallarda da vətəndaş həmin dərmanla bağlı ekspertiza laboratoriyalarına rəsmi müraciət edə bilər, lazım gələrsə vəkil vasitəsilə də hüquqi addımlar ata bilər. Amma ilk baxışdan “bu dərman saxtadır, yaxud deyil” demək mümkün deyil. İnsanların əlində laboratoriya və ya bunu müəyyən edəcək texniki imkan yoxdur. Burada əsas məsələ vətəndaşın öz hüquqlarından istifadə etməsidir. İnsanlar aidiyyəti qurumlara müraciət etməli, problemləri rəsmi şəkildə bildirməlidirlər. Hesab edirəm ki, insanlar bu hüquqlardan daha fəal istifadə etdikcə belə problemlər də azalacaq. Başqa bir məsələ də var. Bəzən kütləvi informasiya vasitələrində deyilir ki, müəyyən sayda aptek yoxlanılıb və çatışmazlıqlar aşkarlanıb. Amma düşünürəm ki, bu məlumatlar daha açıq şəkildə təqdim olunmalıdır. Hansı apteklərdə ciddi problemlər aşkarlanıbsa, onların adları ictimaiyyətə açıqlanmalıdır ki, həm vətəndaş məlumatlı olsun, həm də digər apteklər məsuliyyət hiss etsinlər".
Müsahibimiz vurğuladı ki, keyfiyyətsiz dərmanları ölkəyə gətirən şirkətlərin də adları açıqlanmalıdır.
"Hansı şirkət bu məhsulları gətirir? Niyə belə məhsulların ölkəyə daxil olmasına icazə verilir? Bu suallar cavablandırıldıqca və nəzarət gücləndikcə problemlərin də aradan qalxacağını düşünürəm. Digər tərəfdən, dövlət səviyyəsində də bu istiqamətdə addımlar atılır. Prezidentin yerli dərman istehsalı ilə bağlı sərəncamları var, yeni zavodların açılması istiqamətində işlər görülür. Hesab edirəm ki, gələcəkdə dərmanların böyük hissəsini özümüz istehsal etdikcə belə problemlər minimum səviyyəyə enə bilər. Amma burada insani və mənəvi məsələ də var. Keyfiyyətsiz dərmanı niyə ölkəyə gətirirsiniz? Vaxtı keçmiş dərmanın tarixini dəyişib niyə insanlara satırsınız? Əgər dərmanın təsiri onun saxlanma şəraitindən asılıdırsa, niyə apteklərdə normal şərait yaratmırsınız? Bütün bunlar yalnız qanun məsələsi deyil, həm də vicdan məsələsidir. İnsan sağlamlığı ilə oynamaq olmaz. Allahın yaratdığı insana keyfiyyətsiz məhsul təqdim etmək nə insani, nə də mənəvi baxımdan qəbulolunandır", - deyə A.Əliyev vurğuladı.
Xədicə BAXIŞLI