ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu çıxışında Azərbaycan-Ermənistan münasibətlərində yalnız siyasətçilərin və ictimai-siyasi sektor nümayəndələrinin deyil, həmçinin şairlərin, yazıçıların və digər mədəniyyət adamlarının da qarşılıqlı səfərlərinin münasibətlərin bərpasına töhfə verə biləcəyini deyib.
Onun bu fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb.
"Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri Rəfail Becanov “Cebhe TV”-nin canlı yayımında çıxışı zamanı tanınmış şair Baba Vəziroğlunun fikirlərinə münasibət bildirib.
O, şairin fikirlərini maraqlı yanaşma kimi qiymətləndirərək deyib:
“Prinsipcə, maraqlı yanaşmadır. Ona görə maraqlıdır ki, doğrudan da əgər biz cəmiyyətlərin inteqrasiyasını, regionda daimi və möhkəm təməllər üzərində qurulmuş bir sülh istəyiriksə, burada bütün cəmiyyəti, bütün spektrləri təmsil edən sferalar arasında qarşılıqlı əlaqələrin, rabitələrin qurulması yaxşı, eləcə də ağıllı fikirdir. O cümlədən, bu, şairlərə, yazıçılara, mədəniyyət xadimlərinə də şamil oluna bilər.
Düşünürəm ki, hazırda tezdir, o mərhələyə çatılmayıb. Yəni siyasi razılaşmalar sona qədər yekunlaşmalı, ictimai mühitdə o fikir formalaşmalıdır. Bu gün Ermənistana səfər edən media nümayəndələrinin, ekspertlərin və ya qeyri-hökumət təşkilatları təmsilçilərinin məqsədi də ondan ibarətdir ki, bu qarşılıqlı səfərlər vasitəsilə ictimai fikirdə həmin mühiti və düşüncəni yarada bilsinlər.
İctimai rəyə bu fikri ötürə bilsinlər ki, bu iki cəmiyyət qonşu dövlətlərdir və qonşuluqdan da köçüb getmək mümkün deyil. Nə onlar Cənubi Qafqazdan köçüb gedəcək, nə də bizim tarixi torpaqlarımızdan harasa köçmək fikrimiz var. Deməli, biz məcburi şəkildə qonşuluq etməliyik və bu, bizə qədər də belə olub, bizdən sonrakı nəsillərdə də olacaq”.
Rəfail Becanov qeyd edib ki, bu baxımdan, cəmiyyətlər arasında inteqrasiyanı köklü şəkildə həll etmək lazımdır:
“Təməl prinsiplər möhkəm olmalı, möhkəm bünövrə qurulmalıdır. Təbii ki, Ermənistana və ya ermənilərə tamamilə etibar etmək də olmur. Çünki bu proseslər dəfələrlə yaşanıb və nəticədə biz xəyanətin qurbanı olmuşuq.
İstər 1800-cü illərdə, istər XX əsrin əvvəllərində - 1905, 1918, 1948-1953, 1988-ci illərdə bunu görmüşük. Bu baxımdan, istənilən halda bunu nəzərə almalıyıq. Yəni bu məsələ diqqətimizdən kənarda qalmamalıdır”.
Ətraflı aşağıdakı linkdə:
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.