Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu müzakirələrin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf etdiyini bildirib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Qələbənin, uğurla həyata keçirilən “Böyük Qayıdış”ın ölkənin coğrafi, siyasi və mənəvi gücünü bərpa etdiyini vurğulayıb.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı fikirlərini açıqlayan komitə sədri Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirilib ki, təqdim olunan məlumata əsasən, bu sahədə aparılan fəaliyyət kompleks, çoxsəviyyəli və koordinasiyalı olub. İlk növbədə, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Hesabat ilində qanunvericilik bazası daha da təkmilləşdirilib, eyni zamanda, kompleks və strateji xarakter daşımaqla əhatəli məqsəd və hədəflərə malik “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb. 2026-2030-cu illəri əhatə edən Milli Fəaliyyət Planında insan alverinə qarşı mübarizənin prioritet istiqamətləri, önləyici tədbirlər, maarifləndirmə fəaliyyəti, qanunvericilikdə islahatların aparılması, risk qrupları ilə qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri öz əksini tapıb.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək insan alverinə qarşı mübarizənin yalnız hüquq-mühafizə orqanlarının vəzifəsi deyil, eyni zamanda, iqtisadi və sosial problemlərin həlli ilə bağlı məsələ olduğunu deyib. O, insan alverinin qarşısının alınması üçün Daxili İşlər Nazirliyi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator tərəfindən zəruri addımların atıldığını söyləyib. Bu sahədə müvafiq dövlət orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini və 2025-ci ildə müsbət nəticələrin əldə edildiyini – statistikaya əsasən ötən il insan alveri qurbanlarının sayının azaldığını bildirib.
İclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Rüfət Allazov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib.
Bildirilib ki, Milli Koordinatorun illik məlumatında insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşıda duran vəzifələr kimi istiqamətlər öz əksini tapıb.
Məsələ ətrafında müzakirələrdə komitə sədrlərinin müavinləri Arzuxan Əli-zadə, Elşən Musayev, hər iki komitənin üzvləri Mübariz Qurbanlı, Azər Allahverənov, Razi Nurullayev, Elman Nəsirov, Naqif Həmzəyev, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Niyaməddin Orduxanlı, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova çıxış edərək öz fikirlərini bölüşüblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim olunan məlumatın ətraflı müzakirə edildiyini, səsləndirilən fikirlərin əhəmiyyətli olduğunu söyləyib. O, insan alverinin yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsinin vacibliyindən, bu sahədə qarşıda duran vəzifələrdən danışıb.
İclasın sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.








Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.