AZ

Şərqşünas alim Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 may, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov mayın 7-9-da Türkiyənin Kilis şəhərində Aralık Universitetində keçirilən “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpoziumda onlayn formatda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alim simpoziumda “İsmayıl Raci Faruqinin yaradıcılığında “Pax İslamica” və ümmət anlayışı” mövzusunda məruzə edib. Məruzədə fələstin əsilli amerikalı filosof-islamşünas İsmayıl Raci Faruqinin (1921-1986) düşüncə sistemində ümmət və “Pax İslamica” anlayışlarının yeri müəyyən edilib. E.Məmmədov bildirib ki, Faruqiyə görə, ümmət Müsəlman sivilizasiyasının ontoloji və funksional əsasını təşkil edir. Onun fikrincə, ümmət təkcə dini icma olmayıb, həm də bilik, əxlaq və ictimai təşkilatlanmanın vahid formasıdır. Mütəfəkkirin yaradıcılığında ümmət anlayışı eksklüziv deyil, inklüziv və plüralist birlik kimi təqdim olunur.

Məruzəçiyə görə, “Pax İslamica” (ümumdünya İslam nizamı) anlayışı Faruqinin siyasi-fəlsəfi müddəalarının əsas anlayışlarından birini təşkil edir. Faruqi göstərirdi ki, Pax İslamica yalnız müsəlmanlara aid qapalı sistem deyil, əksinə, müxtəlif dini və mədəni qrupları əhatə edən ümumdünya sülh və ədalət nizamıdır.

Elvüsal Məmmədov qeyd edib ki, Faruqinin yaradıcılığında ümmət və “Pax İslamica” qarşılıqlı şəkildə bir-birini tamamlayan anlayışlar kimi öyrənilir. Ümmət bu nizamın subyekti və daşıyıcısı, Pax İslamica isə onun institusional və ümummədəni təzahürüdür. Bu model müasir dünyada əxlaq əsaslı qlobal sistem axtarışında mühüm nəzəri alternativ kimi çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
azertag.az

1Mənbələr