AZ

Bu türk ölkəsində təqibə görə cəza sərtləşir – Azərbaycanda da ehtiyac varmı?

Qırğızıstan onlayn təqib də daxil olmaqla, təqib üçün yeni cinayət maddəsini müzakirə edir.

Musavat.com xəbər verir ki, Qırğızıstan Respublikasının Cinayət Məcəlləsinə sistematik təqib və nəzarət haqqında 190-1-ci maddə əlavə edilməklə dəyişikliklər təklif olunur. Qanun layihəsi ictimai müzakirə üçün təqdim edilib.

Şəraitdən asılı olaraq, cəza cərimədən həbs cəzasına qədər dəyişə bilər. Təqib uşaqlara və ya hamilə qadınlara qarşı yönələrsə, daha sərt cəzalar nəzərdə tutulur və bu halda cəza beş ilə qədər ola bilər. Qanun layihəsinin müəllifləri qeyd edirlər ki, hazırda qanunda təqibi birbaşa tənzimləyən xüsusi bir müddəa yoxdur, bununla belə, bu cür davranış çox vaxt ağır cinayətlərin xəbərçisi olur.

Qeyd edək ki, Qazaxıstan oxşar cəzaları 2025-ci ilin sentyabr ayında tətbiq edib.

Azərbaycanın Cinayət Məcəlləsində belə cəzalar nəzərdə tutulurmu? Yoxsa, bizdə də ehtiyac varmı?

cava.jpg

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, Azərbaycan Cinayət Məcəlləsində hazırda “stalking” və ya sistemli təqib adı ilə ayrıca cinayət tərkibi nəzərdə tutulmayıb. Bununla belə, təqib xarakterli davranış konkret hallardan asılı olaraq hədə-qorxu, şəxsi toxunulmazlığın pozulması, qanunsuz məlumat toplama, böhtan, təhqir, ailə-məişət zorakılığı və ya digər hüquq pozuntuları prizmasından qiymətləndirilə bilər. Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun fiziki zorakılıqla yanaşı, psixoloji təzyiq və təqibə yaxın davranışları da tanıyır, lakin bu, stalking üçün ayrıca cinayət maddəsi demək deyil.

Onun sözlərinə görə, problem də məhz bundadır: “Hazırda bizim qanunvericilikdə sistemli təqibin ayrıca cinayət tərkibi kimi aydın və müstəqil şəkildə göstərilməməsi praktik boşluq yaradır. Bir şəxs davamlı şəkildə izlənilir, narahat edilir, ona təkrar-təkrar yazılır, zəng olunur, iş və yaşayış yerində təqib edilir, hətta onlayn müstəvidə psixoloji təzyiq göstərilir, amma bu davranış həmişə konkret cinayət tərkibinə tam oturmur. Nəticədə hüquq-mühafizə orqanları çox vaxt yalnız nəticə ağırlaşandan sonra hərəkətə keçir.”

Cavad Cavadov bildirib ki, Qırğızıstanda təklif olunan dəyişiklik də məhz bu boşluğu doldurmağa yönəlib. Son günlər ictimai müzakirəyə çıxarılan layihəyə görə, Qırğızıstan Cinayət Məcəlləsinə 190-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur; layihədə sistemli təqib, arzuolunmaz təmas qurma cəhdləri və internet üzərindən izləmə də daxil olmaqla davranışlar ayrıca cinayət kimi müəyyən edilir. Şəraitdən asılı olaraq cəza cərimədən həbsədək dəyişə bilər.

Vəkilin sözlərinə görə, Qazaxıstanın 2025-ci ilin sentyabrından qüvvəyə minən ayrıca stalking maddəsi də göstərir ki, region ölkələri artıq bu davranışı “xırda narahatçılıq” yox, müstəqil təhlükə kimi görməyə başlayırlar.

Cavad Cavadov hesab edir ki, Azərbaycan üçün də bu məsələnin ayrıca normativ tənzimlənməsi barədə düşünməyin vaxtı çatıb: “Məncə, Azərbaycanda da bu məsələyə ciddi baxılmalıdır. Xüsusən onlayn təqib, keçmiş partnyor tərəfindən davamlı izləmə, iş yerində və ya yaşayış yerində sistemli narahat etmə halları çox vaxt daha ağır cinayətlərin, o cümlədən zorakılığın, xəsarətin və hətta qətlin xəbərçisi ola bilir. Qanunvericilik belə hallara nəticə baş verəndən sonra yox, nəticənin qarşısını almaq üçün reaksiya verməlidir.”

Onun fikrincə, ayrıca maddə qəbul olunarsa, bu norma çox diqqətlə hazırlanmalıdır: “Burada çox incə balans var. Bir tərəfdən insanları real təqibdən qorumaq lazımdır. Digər tərəfdən, maddə elə yazılmalıdır ki, adi məişət mübahisəsi, təsadüfi ünsiyyət cəhdi və ya sübuta yetirilməmiş emosional iddialar cinayət məsuliyyətinə çevrilməsin. Yəni tərif aydın olmalıdır: sistemlilik, qəsd, zərər, iradəyə zidd davranış və sübut meyarları dəqiq göstərilməlidir.”

Cavad Cavadov əlavə edib ki, əgər ayrıca stalking maddəsi qəbul olunacaqsa, cəza siyasəti də proporsional qurulmalıdır: “Mən hesab edirəm ki, belə norma qəbul olunarsa, ilkin mərhələdə cərimə, məhdudlaşdırıcı order, zərərçəkmişə yaxınlaşmanın qadağan olunması, elektron və fiziki təqibin dayandırılması kimi vasitələr əsas yer tutmalıdır. Daha sərt cəza isə təkrar hallar, uşaqlara, hamilə qadınlara qarşı yönəlmə, zorakılıq riski və ya ağır nəticə doğuran hallarda tətbiq oluna bilər.”

Yəni vəkilin mövqeyinə görə, Azərbaycanda hazırda stalking ayrıca cinayət maddəsi kimi nəzərdə tutulmasa da, qanunvericilikdə bu istiqamətdə boşluq var və müasir dövrdə, xüsusən rəqəmsal təqib hallarının artdığı şəraitdə, bu boşluğun ayrıca və dəqiq norma ilə doldurulması müzakirə oluna bilər. Region ölkələrində bu istiqamətdə artıq addımlar atılması da göstərir ki, məsələ getdikcə daha aktual hüquqi problemə çevrilir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
99
10
musavat.com

10Mənbələr