AZ

Rubio Romada ABŞ-nin NATO-ya dəstəyini təsdiqləyib

ABŞ və İtaliya arasında İran, tariflər və Avropadakı hərbi iştirakla bağlı fikir ayrılıqları müzakirə olunub...

Poliqon xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Romada İtaliyanın baş naziri Corcia Meloni ilə keçirdiyi görüşdən sonra NATO-nun qəti tərəfdarı olduğunu bəyan edib. “Politico” nəşrinin məlumatına görə, görüş Vaşinqton və Roma arasında İran siyasəti, ticarət tarifləri və ABŞ qoşunlarının Avropadan mümkün çıxarılması məsələləri fonunda yaranmış gərginlik şəraitində baş tutub.

Məlumata əsasən, Meloni danışıqları “məhsuldar” və “açıq” adlandırıb. O bildirib ki, tərəflər milli maraqların qorunmasının vacibliyini anlayan tərəfdaş ölkələrdir. ABŞ dövlət katibi isə NATO-nun Vaşinqton üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb və alyansa dəstəyini bir daha təsdiqləyib.

İtaliya mediasının yazdığına görə, Rubio görüş zamanı ABŞ hərbi qüvvələrinin Avropadan çıxarılması məsələsini birbaşa gündəmə gətirməyib. Bununla belə, o qeyd edib ki, bəzi Avropa ölkələrinin “çox ciddi fövqəladə vəziyyət” zamanı ABŞ-yə hərbi bazalara giriş imkanı verməməsi Vaşinqton üçün “lazımsız risklər” yaradıb.

İtaliyanın xarici işlər naziri Antonio Tayani isə ABŞ-nin Avropadakı hərbi mövcudluğunun NATO-nun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin ABŞ və İran arasında davamlı atəşkəs əldə olunacağı təqdirdə Romanın Hörmüz boğazında hərbi-dəniz missiyasına dəstək verməyə hazır olduğunu təsdiqləyib.

Qeyd olunur ki, Vaşinqton və Avropa paytaxtları arasında son aylarda təhlükəsizlik, enerji və Yaxın Şərq siyasəti ilə bağlı fikir ayrılıqları daha da artıb. Buna baxmayaraq, tərəflər NATO çərçivəsində əməkdaşlığın qorunmasının vacibliyini ön plana çıxarmağa çalışırlar.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr