AZ

Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...



Qulamhüseyn Əlibəyli: “Bunu Cənubi Qafqazda yeni hərbi bloklaşmanın rüşeymləri kimi də qiymətləndirmək mümkündür”

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana rəsmi səfəri regionun geosiyasi mənzərəsini kökündən dəyişdirməyə hədəflənmiş qərarlarla yadda qaldı. İrəvanda imzalanan "Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə" tərəflər arasındakı münasibətləri diplomatik dəstək müstəvisindən çıxararaq, birbaşa hərbi-strateji müttəfiqlik səviyyəsinə qaldırır.

Mətbuat konfransında ən diqqətçəkən məqam Makronun Ermənistan Silahlı Qüvvələrinin yenidən qurulmasını Fransanın prioritetlərindən biri kimi elan etməsi oldu. Fransa liderinin ifadələri kifayət qədər sərt və birbaşa idi. O, Ermənistanın "Rusiya orbitindən" uzaqlaşmaq kursunu dəstəklədiyini bildirərək, Parisin bu yolda İrəvana hərbi təminat verəcəyini vurğuladı: “Biz Ermənistanın suverenliyini qorumaq və onun ordusunu modernləşdirmək üçün buradayıq. Bu, münasibətlərimizin əsas sütunudur”.

Üstəlik, birgə bəyannamə çərçivəsində imzalanan hərbi müqavilələr kifayət qədər genişmiqyaslıdır.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Fransa prezidenti Maronun Ermənistana rəsmi səfəri, “Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə”nin və digər sənədlərinimzalanması regionda geosiyasi balans baxımina təsir edən əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir: “Bu səfər və müvafiq sənədlərin imzalanması Fransanın Cənubi Qafqazda Ermənistanın əsas tərəfdaşlardan birinə çevirildiyinin göstəricisidir. Fransa bu vaxta qədər də Ermənistanı “kiçik bacı” hesab edərək onu hər vasitə ilə müdafiə edirdi. Səfərin nəticələri Fransa Ermənistan münasibətlərinin “siyasi hamilik” və diplomatik əməkdaşlıq səviyyəsindən keyfiyyətcə yeni olan institusional “strateji tərəfdaşlıq” mərhələsinə keçdiyini deməyə əsas verir. İmzalanan sənədlərdə diqqəti cəlb edən əsas məqamlar onların hərbi texnologiyalar, müdafiə sistemləri, kibertəhlükəsizlik, süni intellekt, helikopter və aviasiya məsələlərini əhatə etməsidir. Bu isə, öz növbəsində onu göstərir ki, Fransa-Ermənistan münasibətlərində bir çox sahələri - iqtisadi, texnoloji, müdafiə və təhlükəsizlik sahələrini əhatə edən uzunmüddətli geosiyasi bir proses başlanır. Yəni Fransa Cənubi Qafqazda öz təsirini artırmağa çalışmaqla bir tərəfdən Ermənistanın, digər tərəfdən isə bütövlükdə Cənubi Qafqaz regionununtəhlükəsizlik arxitekturasında daha ciddi rol almağa başlayır”.

Q.Əlibəylinin fikrincə, son illərdə Pasinyan hakimiyyətinin tədricən Rusiyanı təsir dairəsindən uzaqlaşmağa çalışması fonunda alternativ tərəfdaşlar axtarması təbii görünür: “Bu baxımdan Fransa Ermənistan üçün sadəcə siyasi himayədar rolundan daha çox Qərbə açılan mühüm inteqrasiya kanalı, silah və texnologiya mənbəyi kimi strateji rol oynayır. Nəzərə almaq lazımdır ki, Ermənistan son vaxtlar Fransadan başqa, həm Böyük Britaniya, həm də Bolqarıstanla strateji tərəfdaşlıq sənədləri imzalayıb. Bu da Ermənistanın çoxşaxəli Qərb diplomatiyasına keçməsinin göstəricisidir. Buna görə də Makronun Ermənistana səfəri və müvafiq sənədlərin imzalanması Ermənistanın Rusiyadan tədricən uzaqlaşaraq Qərbə inteqrasiya siyasətinin davamı kimi də qiymətləndirilə bilər. Fransa ilə Ermənistan arasında genişmiqyaslı hərbi əməkdaşlıq haqqında sənədlərin imzalanmasını Cənubi Qafqazda yeni hərbi bloklaşmanın rüşeymləri kimi də qiymətləndirmək mümkündür. Bütövlükdə götürülərsə, Makronun Ermənistana rəsmi səfəri və müvafiq sənədlərin imzalanması regionda Qərb–Rusiya rəqabətini daha açıq göstərməklə yanaşı, Fransa vəErmənistan üçün bəzi praktiki nəticələr də vəd edir. Belə ki, Ermənistan ordusunun müasir silahlarla təchizatı və modernləşməsi sürətlənə bilər. Fransa Cənubi Qafqaz bölgəsində daha aktiv siyasi oyunçuya çevrilə, Azərbaycan-Fransa münasibətləri isə daha gərgin fazaya keçə bilər. Bu baxımdan, Fransanın açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsi və Ermənistanı silahlandırmaqda davam etməsi, öz ərazilərini işğaldan azad edən Azərbaycanı bir sıra məsələlərdə ittiham etməsi fonunda Paris-İrəvan hərbi əməkdaşlığının belə genişlənməsinin Azərbaycan üçün müəyyən narahatlıqlar yaratması başa düşüləndir. Ona görə də Azərbaycanın Türkiyə, Pakistan və Mərkəzi Asiyanın türk dövlətləri ilə hərbi əməkdaşlığının inkişaf etdirilməsi və genişləndirilməsi strateji zərurətə çevrilir”.

Vidadi ORDAHALLI

Seçilən
28
baki-xeber.com

1Mənbələr