Şəki, 8 may, AZƏRTAC
Mayın 8-də Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Heydər Əliyev mərkəzlərinin “Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda illik müşavirəsi keçirilib. Bu müşavirə ənənəvi olaraq hər il ölkədə fəaliyyət göstərən bütün Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin doğum günü ərəfəsində təşkil olunan tədbirdir və Mədəniyyət Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə tədbirləri çərçivəsində həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov Şəkidə keçirilən ümumrespublika müşavirəsində jurnalistlərə açıqlamasında məlumat verib.
Nazir müavini bildirib ki, müşavirədə, ilk növbədə, Ulu Öndərin zəngin irsinin təqdimatı, tədqiqi və təbliği istiqamətində Heydər Əliyev mərkəzləri tərəfindən görülən işlər, həmçinin bu ilin əlamətdarlığı, ilin əvvəlində dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasından irəli gələn vəzifələrin, mədəniyyətin sahələrinin inkişafı ilə bağlı öhdəliklərin, fəaliyyətlərin icra olunması geniş müzakirə olunub.
Fərid Cəfərov qeyd edib ki, tədbirdə Ulu Öndərlə birlikdə çalışmış, onun zəngin irsini tədqiq etmiş şəxslərin də iştirakı və çıxışları müşavirəyə xüsusi önəm qatıb. Müşavirə çərçivəsində il ərzində fəaliyyətlərin genişləndirilməsi, mədəniyyətin bütün sahələrinin regionlarda təbliğ, təqdim olunması məsələləri də müzakirə edilib. “İl ərzində mərkəzlər tərəfindən minlərlə müxtəlif səpkili tədbirlər həyata keçirilməkdədir və bu tədbirlərin qayəsini ilk növbədə Ulu Öndərin bütün sahələrdə olan fəaliyyətinin və irsinin ictimaiyyətə, cəmiyyətə təqdim olunmasıdır”, - deyə nazir müavini əlavə edib.
Nazir müavini deyib: “Eyni zamanda, bu ildən etibarən mərkəzlər tərəfindən qeyd olunan Konsepsiyadan irəli gələn mədəniyyətin hər bir sahəsi üzrə də fəaliyyətlər nəzərdə tutulub. Bu, ilk növbədə, Azərbaycan dilinin geniş təbliğ və təqdim olunmasıdır. Bu fəaliyyətlər, həmçinin bilgi, davranış mədəniyyətinin və digər sahələrin araşdırılması və geniş şəkildə təqdim edilməsini də nəzərdə tutur”.
Müxbir – Mustafa Dadaşov