AZ

Azərbaycan məhkəməsi Şimali Kipr vətəndaşını Lüksemburqa vermədi - film kimi hadisə

Azərbaycan məhkəməsi Şimali Kipr Türk Cümhuriyyətinin vətəndaşı Tanboğa Osmanın Lüksemburq dövlətinə ekstradisiya edilməsindən imtina edib.

Bu barədə Musavat.com-a vəkil Muxtar Mustafayev məlumat verib. Vəkilin sözlərinə görə, Türkiyə Respublikası və ŞKTC vətəndaşı olan Tanboğa Osman barəsində Lüksemburq hüquq-mühafizə orqanları tərəfindən İNTERPOL xətti ilə beynəlxalq axtarış elan olunub. O, 2026-cı il yanvarın 28-də İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn zaman Heydər Əliyev Beynəlxalq Aeroportunun sərhəd-keçid məntəqəsində saxlanılıb və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Vəkil bildirib ki, saxlanılan şəxsin hüquqları tam təmin olunub, ona dərhal müdafiəçi ilə görüşmək imkanı yaradılıb. Onun sözlərinə görə, ŞKTC-nin Azərbaycandakı səfiri Ufuk Tuğaner məsələ ilə bağlı ona müraciət edib və müdafiəyə qoşulmasını istəyib. Bundan sonra “Ədalət” vəkil bürosunun vəkili Mirbağır Bağırov müdafiəyə qoşularaq prokurorluğa vəsatət təqdim edib və Tanboğa Osman barəsində həbs qətimkan tədbiri seçilməməsini istəyib.

Xəzər Rayon Prokurorluğunun 31 yanvar 2026-cı il tarixli qərarı ilə vəsatət təmin olunub və Tanboğa Osman barəsində həbs deyil, polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Daha sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən 13 fevral 2026-cı il tarixdə ekstradisiya sənədləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Muxtar Mustafayev qeyd edib ki, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov da iş barədə məlumatlı olub və məsələnin Azərbaycan, Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyəti münasibətləri baxımından həssas olduğunu vurğulayıb. O, bu istiqamətdə təcrübəli vəkil Elçin Usubla məsləhətləşmələrin aparılmasını tövsiyə edib.

Bundan sonra müdafiə tərəfi ekstradisiyadan imtinaya dair əsaslandırılmış hüquqi rəy hazırlayaraq məhkəməyə təqdim edib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən bir neçə iclasda baxılıb. Vəkilin sözlərinə görə, əlavə olaraq baş prokurora və ədliyyə nazirinə də ekstradisiyanın mümkünsüzlüyünü əsaslandıran vəsatətlər göndərilib. Nəhayət, 6 may 2026-cı il tarixində keçirilən məhkəmə iclasında prokurorluq da ekstradisiyadan imtina olunması ilə bağlı mövqe nümayiş etdirib və məhkəmə Tanboğa Osmanın Lüksemburqa ekstradisiya edilməsindən imtina barədə qərar qəbul edib.

Muxtar Mustafayev bildirib ki, bu qərar Azərbaycan Prezidentinin Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı apardığı siyasətə uyğun yanaşmanın göstəricisidir: “Azərbaycan hüquq-mühafizə orqanlarının mövqeyi və məhkəmənin qərarının da bu siyasətə uyğun olması sevindirici haldır”.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr