AZ

“Metrodan taksiyə” xidmət modeli

Prezident İlham Əliyevin 2026-cı il mayın 7-də imzaladığı fərmanla “Bakı Metropoliteni” QSC “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC-nin ona qoşulması formasında yenidən təşkil edilib. Fərmanda açıq şəkildə qeyd olunur ki, məqsəd ictimai nəqliyyatda idarəetməni təkmilləşdirmək, xidmətləri bir-biri ilə daha sıx inteqrasiya etmək və şəhərdaxili mobilliyi daha keyfiyyətli təşkil etməkdir.

Bu qərarın ən diqqətçəkən tərəfi ondan ibarətdir ki, “Bakı Metropoliteni” artıq yalnız yeraltı nəqliyyat operatoru kimi deyil, metro, avtobus, tramvay və taksi xidmətlərini bir sistem daxilində əlaqələndirən hüquqi şəxs kimi təsvir edilir. Fərmana əsasən, Cəmiyyət həmin sahələrdə sərnişindaşıma xidmətlərinin göstərilməsini, gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, yeni nəqliyyat infrastrukturu obyektlərinin layihələndirilməsi və tikintisini, həmçinin müxtəlif nəqliyyat növləri üzrə xidmətlərin vahid mərkəzdən idarə olunmasını təmin etməlidir.

Əslində, dövlət şəhər nəqliyyatını ayrı-ayrı adlar altında fəaliyyət göstərən qurumların cəmi kimi deyil, bir-birinə bağlı zəncir kimi görməyə başlayır. Metro, avtobus və taksinin bir holdinq məntiqinə yaxınlaşdırılması sərnişinin yolunu da bir xəttə salmaq deməkdir. Bu, nəqliyyat sisteminin “parçalanmış xidmət” modelindən birləşdirilmiş modelinə keçidi kimi oxunur və fərmanın əsas ruhu da məhz budur.

Fərman eyni zamanda hüquqi və təşkilati baxımdan da ciddi mərkəzləşmə yaradır. Sənədə görə, “BakuBus” və “Bakı Taksi Xidməti”nin bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı “Bakı Metropoliteni”nə keçir, yəni yeni qurum həmin şirkətlərin hüquqi varisinə çevrilir. Bundan başqa, Cəmiyyətin fəaliyyəti üçün 5 üzvdən ibarət Müşahidə Şurası və 5 üzvdən ibarət İdarə Heyəti nəzərdə tutulur. Yəni sistem daha çevik, vahid idarəetmə arxitekturasına köçürülür.

Əlçatanlıq, sərfəlilik

Birinci fayda koordinasiyadır. Bu gün şəhər nəqliyyatında ən böyük problemlərdən biri müxtəlif xidmətlərin bir-birini tamamlamaması, sərnişinin bir nöqtədən digərinə keçidində boşluqlar yaranmasıdır. Metro bir qurumda, avtobus başqa yanaşmada, taksi isə ayrı idarəçilikdə olduqda vahid marşrut, cədvəl, sərnişin axını planlamaq çətinləşir. Fərman həmin səpələnmiş məntiqi bir mərkəzdə toplamağa çalışır.

İkinci fayda rəqəmsallaşmadır. Fərmanda xüsusi olaraq gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi qeyd olunur. Bu, gələcəkdə tarif mexanizmi və sərnişin üçün daha sadə istifadə təcrübəsi demək ola bilər. Şəhər nəqliyyatında rahatlıq bəzən yeni relslərdən deyil, bir kartın, bir tətbiqin, bir keçidin yaratdığı asanlıqdan başlayır.

Üçüncü fayda infrastruktur planlaşdırmasıdır. Fərman metro, tramvay, avtovağzal, terminal, taksi və avtobuslara texniki xidmət göstərən sahələrin layihələndirilməsi və tikintisini də eyni sistemin tərkib hissəsi kimi göstərir. Bu yanaşma şəhərin nəqliyyat xəritəsini daha uzunmüddətli planlaşdırmağa imkan verə bilər. Yəni qərarlar bugünün artan sərnişin probleminə uyğun seçilə bilər.

Birgə məsuliyyət

Ən əsas məqam idarəetmədə məsuliyyətin aydınlaşması olacaqdır. Fərmana əsasən yenidən təşkil olunan cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a) həvalə olunub. Məlum məsələdir ki, ayrı-ayrı şirkətlər arasında səlahiyyət bölgüsü bəzən məsuliyyətin də bölünməsinə gətirir. Bir sistemdə isə nəticə də, cavabdehlik də daha rahat görünür. Qeyd edək ki, AZCON-a yeni nizamnamə və strukturun üç ay müddətində razılaşdırılması tapşırılıb.

Ümumiyyətlə, nəqliyyatı şəhər idarəçiliyinin siniri kimi düşünülməlidir. Bakı kimi sıx, sürətlə böyüyən və gündəlik hərəkət yükü böyük olan bir şəhərdə nəqliyyat sistemi sosial rahatlığın da, iqtisadi səmərəliliyin də əsas dayaqlarından biridir. Bu fərman həmin dayağı yenidən bərkitməyə yönəlmiş strateji addım təsiri yaradır.

Nəticə etibarilə, bu qərar “Bakı Metropoliteni”nin funksional sərhədlərini genişləndirir və şəhər nəqliyyatını vahid idarəetmə mərkəzinə yaxınlaşdırır. Qərarın uğuru isə kağız üzərindəki birləşmədən çox, real həyatda sərnişinin hiss edəcəyi sürət, rahatlıq, dəqiqlik və əlaqəliliklə ölçüləcək. Əgər bu mərkəzləşmə doğru tətbiq olunarsa, Bakı nəqliyyatında yeni bir nəfəs, ritm və koordinasiya mərhələsi başlaya bilər.

Raqif RAUFOĞLU,
nəqliyyat eksperti

Burada əsas məsələ bütün nəqliyyat sisteminin vahid mərkəzdən idarə olunmasıdır. Təbii ki, bu, qısa müddətdə nəticə verəcək proses deyil. Bunun üçün müəyyən infrastruktur və idarəetmə bazası formalaşdırılmalıdır. Ancaq əsas məqsəd avtobus, metro və taksi kimi şəhərin əsas nəqliyyat vasitələrinin koordinasiyalı şəkildə idarə olunmasına nail olmaqdır.

Hazırda yeniliklərin tətbiqi zamanı müəyyən çətinliklər yaranır. Məsələn, avtobus sistemində tətbiq olunan hər hansı yenilik metroda və ya taksidə eyni vaxtda istifadə edilə bilmir. Çünki hər qurum fərqli idarəetmə prinsipi ilə fəaliyyət göstərir və sistemlər arasında inteqrasiya zəifdir.

Vahid idarəetmə modeli isə bütün nəqliyyat növlərində yeniliklərin paralel şəkildə tətbiqinə imkan yaradacaq. Məsələn, vahid kart sisteminin tətbiqi ilə sərnişin digər nəqliyyat vasitələrindən də istifadə edə biləcək. Avropa şəhərlərində geniş yayılmış “şəhər kartı” modeli də məhz bu prinsipə əsaslanır. Həmin kartlar vasitəsilə müxtəlif nəqliyyat növləri vahid sistemdə birləşdirilir.

Azərbaycanda isə indiyədək bunun tətbiqi çətin idi. Səbəb müxtəlif nəqliyyat qurumlarının ayrı-ayrı idarəetmə strukturlarına tabe olması, koordinasiyanın zəif qurulması və məlumat mübadiləsində problemlərin mövcudluğu idi.

Bu baxımdan əsas məqsəd bütün şəhər nəqliyyatının vahid mərkəzdən idarə olunması və tətbiq edilən yeniliklərin bütün nəqliyyat növlərinə eyni şəkildə şamil edilməsidir.

Nurlan ABDALOV
XQ

Seçilən
23
1
xalqqazeti.az

2Mənbələr