Bakının ən işlək istiqamətlərindən biri olan “Sea Breeze” yolunda gecə saatlarından sonra yaranan vəziyyət sürücülərin ciddi narazılığına səbəb olub. Xüsusən Böyükşor yolundan başlayaraq Məhəmmədi və Pirşağı qəsəbələrinə qədər uzanan hissədə axşam 10-dan sonra küçə işıqları söndürülür, yol tamamilə qaranlığa bürünür.
Həmin saatlardan sonra magistralda hərəkət edən sürücülər yalnız avtomobillərin faralarının işığında yolu seçə bilir. Halbuki bu istiqamət həm şəhərə giriş-çıxış baxımından, həm də dənizkənarı istirahət zonalarına gedən nəqliyyat axınının çoxluğu səbəbindən gecə saatlarında da intensiv istifadə olunur.
Sürücülər bildirirlər ki, problem xüsusilə yağışlı, dumanlı və küləkli havalarda daha təhlükəli xarakter alır. Yol nişanları və zolaq xətləri görünməz hala düşür, qəfil qarşıya çıxan piyadalar və ya yol kənarında dayanmış avtomobillər qəza riskini artırır.
Musavat.com-a danışan sürücülərdən biri deyib: “İşıqlar gecəyarısı söndürülür. Ondan sonra yol zülmətə qərq olur. Bəzi hissələrdə insan özünü şəhərdə yox, ucqar kənd yolunda hiss edir. Bu qədər avtomobil hərəkəti olan magistralda belə vəziyyət qəbuledilməzdir”.
Başqa sürücülər də bildirirlər ki, problem təkcə “Sea Breeze” istiqaməti ilə məhdudlaşmır. Son illər Bakıətrafı yollarda gecə işıqlandırılması ilə bağlı vəziyyət xeyli pisləşib. Bir çox əsas magistrallarda və qəsəbələrarası yollarda işıq dirəkləri quraşdırılsa da, ya ümumiyyətlə işləmir, ya da gecəyarısından sonra söndürülür.

Xüsusilə Zabrat-Maştağa, Pirşağı-Novxanı, Bakı-Sumqayıt istiqamətlərində və paytaxtın şimal çıxışında oxşar mənzərənin müşahidə olunduğu bildirilir.
Mövzu təsadüfi deyil. Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və qəza risklərinin azaldılması əsas prioritetlərdən biri kimi göstərilib.
Proqramda yeni yolların çəkilməsi, yol qovşaqlarının tikilməsi, piyadalar üçün təhlükəsizlik infrastrukturunun gücləndirilməsi və nəqliyyat sisteminin daha təhlükəsiz hala gətirilməsi nəzərdə tutulur. Lakin sürücülər hesab edir ki, mövcud yolların gecələr qaranlığa qərq olması bu hədəflərlə ziddiyyət təşkil edir.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də problemin nə qədər ciddi olduğunu göstərir. Rəsmi məlumata görə, 2025-ci ildə Azərbaycanda 1252 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 689 nəfər həyatını itirib, 1026 nəfər yaralanıb. Hadisələrin 39,4 faizi gecə saatlarında qeydə alınıb.
2026-cı ilin ilk üç ayının statistikası da narahatedici olaraq qalır. Yanvar-mart aylarında ölkədə 252 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 140 nəfər ölüb, 179 nəfər yaralanıb. Ən diqqətçəkən məqam isə qəzalardan 42,9 faizinin məhz gecə saatlarında baş verməsidir.
Ekspertlər hesab edirlər ki, gecə işıqlandırılması birbaşa təhlükəsizlik faktorudur. Xüsusilə yüksək sürət həddinin tətbiq olunduğu magistrallarda işıqlandırmanın söndürülməsi ağır yol-nəqliyyat hadisələrinin riskini artırır. Qeyd edirlər ki, enerjiyə qənaət məqsədilə işıqların söndürülməsi başadüşülən olsa da, bu, təhlükəsizlik hesabına edilməməlidir. Çünki bir neçə saatlıq qaranlıq bəzən insan həyatı bahasına başa gələ bilər.
Hazırda sürücülər aidiyyəti qurumlardan Bakıətrafı əsas magistrallarda gecə boyu fasiləsiz işıqlandırmanın təmin olunmasını istəyirlər.
E.Məmmədəliyev,
Musavat.com
Fotolar, video müəllifindir