ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
1999-cu ildə ABŞ-də baş verən maraqlı hadisə aviasiya tarixində “loyallıq proqramı boşluqlarının” ən məşhur nümunələrindən biri kimi yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, mühəndis Devid Fillips cəmi bir neçə min dollar xərcləyərək, milyonlarla mil toplayıb və ailəsi ilə birlikdə dünya üzrə pulsuz səyahətlər edib.
Kaliforniyada yaşayan Fillips bir qida şirkətinin təşviqat kampaniyasını analiz edərək, sistemdə ciddi bir boşluq aşkarlayıb. Kampaniyaya görə, hər 10 məhsul barkodu 500 mil, müəyyən dövrdə isə 1000 mil qazandırırdı.
Mühəndis bu fürsəti riyazi analizlə dəyərləndirərək, supermarketlərdə ən sərfəli məhsulu müəyyənləşdirib. O, ən ucuz seçim kimi hər biri 25 sent (təxminən 43 qəpik) olan şokolad pudinqlərini seçib.
Fillips ABŞ-nin Kaliforniya ştatında yerləşən bir neçə supermarketdən təxminən 12 mindən çox pudinq alıb. Daha sonra bu məhsullardan çıxan barkodları toplamaq üçün xeyriyyə təşkilatı ilə əməkdaşlıq edib.
O, aldığı pudinqləri “The Salvation Army” təşkilatına bağışlayıb və könüllülər vasitəsilə barkodların ayrılmasını təmin edib. Bu addım həm logistikanı asanlaşdırıb, həm də ona vergi güzəşti qazandırıb.
Cəmi təxminən 3000 dollar investisiya ilə Fillips ümumilikdə 1,25 milyon uçuş mili əldə edib. Bu millər sayəsində o, “American Airlines” şirkətinin “AAdvantage” proqramında ömürlük “Platinum” statusuna yüksəlib.
Qazanılan millər onun ailəsinə sonrakı illərdə 40-dan çox ölkəyə pulsuz səyahət imkanı yaradıb.
Bu hadisə hava yolları və pərakəndə satış sektorunda “loyallıq proqramı manipulyasiyası”nın ən klassik nümunələrindən biri sayılır. Fillipsin strategiyası göstərib ki, düzgün analizlə marketinq kampaniyalarındakı boşluqlardan böyük fayda əldə etmək mümkündür. Hadisədən sonra bir çox şirkət öz bonus və mil proqramlarında limitlər və əlavə nəzarət mexanizmləri tətbiq etməyə başlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.