Boynu bükük bir atanın
gözlərindən cığır salan,
bir ananın saçlarında
dən-dən olan dərd gördünmü?
O saçlarda dolandınmı?
O gözlərdən həyatına
boylandınmı?
Sən kədəri gördünmü heç?
Bilirsənmi necə olur?
Kədər vətən yarasıdı,
kədər torpaq ağrısıdı.
Bəs sevinci gördünmü sən?
Hələ gizlənqaç oynamaq arzusunun
torpaq üçün
şəhid olmaq arzusunda ölməsində,
Atasının daş şəklinə
qucaq açan bir körpənin
gülməsində,
ağrı içində qıvrılan,
kədərlə qol-boyun olan
o sevinci gördünmü sən?
Dərdlərini, kədərini
yığ üst-üstə,
bax sevincin gözündəki
o qürurlu kədərə bax
protez üstə
və həyatdan sevinc istə.
Gör, olurmu?
Olmasa da, heç darılma.
Bir də qar soyuqluğunu
duymayacaq uşaqlığın,
qartopu oynamaq istəyinin
əlindən tut,
bütün dərdlərini unut.
***
Soruşmayın halımı,
soruşmayın necəyəm,
daha bir az fərqliyəm,
əvvəlki tək deyiləm.
Bir az gecə kimiyəm,
bir az gündüz kimiyəm.
Ömrümü tüstülədən
sönməyən köz kimiyəm.
Baxışları didərgin,
yurdsuz bir göz kimiyəm.
Daha hər şey fərqlidi,
əvvəlki tək deyil ki.
Dəniz də həmin deyil,
dərdlidi elə bil ki.
Göylər də həmin deyil,
buludlar da həminki.
Mən də bir az başqayam,
mən də bir az fərqliyəm.
Soruşmayın halımı,
soruşmayın necəyəm.
Sevinməyi tərgidən,
dilimdə çoxdan ölən,
ürəyimə gömülən
söz kimiyəm bir az da.
Bəlkələr ovutmayan,
təsəllisi olmayan,
ümidi tapılmayan
döz kimiyəm bir az da.
***
Daha səbr etməyə
səbrim də çatmır.
Sənin yaratdığın dünya dağılır.
Nə ağac ağaca oxşayır daha,
nə yamac yamaca oxşayır daha.
Tikanla çiçəyin
fərqi bilinmir.
Suala qarışıb
bütün cavablar.
Tanrı, mənim sənə
şikayətim var.
Əzrail bir idi,
dönüb min olub.
Şeytana uyanlar
artıb çoxalıb.
Şeytanı daşlayan
başlar çoxalıb,
şeytana uymayan
çarəsiz qalıb.
Şeytanla mələyin
fərqi bilinmir.
Cavaba dönübdü
bütün suallar.
Tanrı, mənim sənə
şikayətim var.
Həyat həyat deyil,
tilsim olubdu.
Yaxşılar yamana
təslim olubdu.
Sevgi də, nifrət də
batıb günaha.
Haqq da, həqiqət də
batıb günaha.
Yalanla gerçəyin
fərqi bilinmir.
Cavabsız qalıbdı
bütün suallar.
Tanrı, mənim sənə
şikayətim var.
***
Elə darıxdım ki bu yer üzündə,
buludlara dönüb çəkildim göyə.
Göyə də sığmadım, səpildim yerə,
bəlkə bir damcımı tapasan deyə.
Elə darıxdım ki, elə darıxdım,
nə yerə, nə göyə sığa bilmirəm.
Elə darıxdım ki, darmadağınam,
özümü bir yerə yığa bilmirəm.
Günlər ilə döndü, darıxdı zaman,
ayların, illərin yaddaşı oldun.
Mən bir dünya qurdum xəyallarımdan,
sənsə o dünyanın yad daşı oldun.
Elə darıxdım ki, mən bu şəhərdə
bir küçə, bir qapı olmaq istədim.
Dedim o küçədən keçib yenə də
bəlkə o qapını döymək istədin.
Döndün mənim gerçək bir yalanıma,
sənli həqiqəti görmədim ki heç.
Özümü aldatdım öz yalanımla,
əgər günahdısa, bu günahdan keç.
Elə darıxdım ki, sənli qəlbimi
darıxan əlimlə sökmək istədim.
Elə darıxdım ki, mən səni deyil,
başqa birisini sevmək istədim...
***
Qapımı döy qəfildən,
yenə yanıma gəl sən.
Qapını döyməyindən
bilim ki, gələn sənsən.
Tut əlimdən ehmalca,
yenə də əvvəlki tək.
Sıx köksünə bir azca,
saçlarıma sığal çək.
Yenə yanıma gəl sən,
yenə kefimi soruş.
Bir az olub-bitəndən,
bir az özündən danış.
Bu sevgidən dəyərli
axı var ki nəyimiz?
Ayrılanda dərd-qəmli,
birlikdə xoşbəxtik biz.
Axı ayrılmaq üçün
bəhanə var, səbəb yox.
Amma ayrılmamaqçün
bəhanə yox, səbəb çox.
Yenə yanıma gəl sən,
heç nə olmamış kimi.
Yenə yanıma gəl sən,
heç ayrılmamış kimi.
Biz xoşbəxt olmuruq ki,
ayrılırıq nafilə.
Niyə gəlməyəsən ki,
sən bunu bilə-bilə?
Günahkar axtarmayaq,
nə olubsa unudaq.
Yenə yanıma gəl sən,
sadəcə xoşbəxt olaq.
***
Səhərlər Xəzərdə güzgülənərək,
qızılı saçların darayır günəş.
Sevgidən alışıb yanan ürək tək,
Bakımla göz-gözə dayanır günəş.
Doymayır hüsnündən hər gün görsə də,
mənimtək Bakıma olubdu vurğun.
Bəlkə də qəlbinin günəş Xəzərdə
səma həsrətini ovudur hər gün.
Şirin yuxusundan günəş hər səhər
odlu öpüşlərlə oyadar onu.
Bakım min naz ilə durub geyinər
onun bəxş etdiyi qızılı donu.
Təbəssüm səpərək nurlu üzündən,
qızılı saçların darayır günəş.
Bəlkə də Bakımın mavi gözündə
sevgisinə cavab arayır günəş
Kəmalə Abıyeva