İranın Ali lideri Müctəba Xamenei İranın müharibə strategiyasının formalaşdırılmasında yüksəkvəzifəli rəsmilərlə birlikdə mühüm rol oynayır.
Adalet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, ABŞ kəşfiyyat mənbələri ölkədə hakimiyyət strukturunun parçalanmış vəziyyətdə olduğunu və qərarvermə mexanizminin tam aydın olmadığını bildirirlər. Buna baxmayaraq, Müctəba Xameneinin ABŞ ilə müharibənin dayandırılması üzrə aparılan danışıqların idarə olunmasında iştirak etdiyi ehtimal olunur.
Mənbələrin sözlərinə görə, Müctəba Xamenei müharibənin əvvəlində atasının və İranın bir sıra yüksəkrütbəli hərbi rəhbərlərinin öldürüldüyü hücum zamanı ağır yaralanıb. O vaxtdan bəri ictimaiyyət qarşısına çıxmaması onun səhhəti və ölkə rəhbərliyindəki rolu barədə fərziyyələri artırıb.
ABŞ kəşfiyyatı onun hazırkı yerini vizual şəkildə təsdiqləyə bilmədiyini qeyd edir. Bildirilir ki, Xamenei elektron rabitədən istifadə etmir və yalnız şəxsi görüşlər və ya vasitəçilərlə əlaqə saxlayır.
Məlumatlara görə, o, hazırda tibbi nəzarət altındadır və bədəninin bir hissəsində, o cümlədən, üz, qol, ayaq və bədənin digər nahiyələrində ciddi yanıq xəsarətləri var.
İran Ali liderinin aparat rəhbəri Məzahir Hüseyni isə yayılan iddiaları təkzib edib. Onun sözlərinə görə, Müctəba Xamenei sağalma prosesini uğurla davam etdirir və hazırda “tam sağlam vəziyyətdədir”.
Hüseyni bildirib ki, Xameneinin ayaq və bel nahiyəsində yüngül xəsarətlər olub, həmçinin qulağının arxasına kiçik qəlpə dəyib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bu həftə dövlət mediasına verdiyi açıqlamada Müctəba Xamenei ilə iki saat yarımlıq görüş keçirdiyini deyib. Bu, İranın yeni Ali lideri ilə yüksəksəviyyəli rəsmilər arasında ilk təsdiqlənmiş görüş hesab olunur.