ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda kartdan-karta köçürmələrin həcmi yüksək həddə çatıb.
Bu fikri Mərkəzi Bankın sədri Taleh Kazımov bu günlərdə keçirilən mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, bir fiziki şəxsin hesabına gün ərzində müxtəlif kartlardan 10, 50, 100, 200 manatlıq onlarla mədaxil daxil olduğu hallar müşahidə olunur. Belə əməliyyatlar bankların daxili monitorinq sistemlərində şübhə doğurduqda, məlumat qanunvericiliyə uyğun olaraq Maliyyə Monitorinqi Xidmətinə ötürülür. Xidmət vergidən yayınma əlamətlərini aşkar etdiyi halda, məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yönləndirilir.
Kazımov bildirib ki, dövlət qurumlarının fiziki şəxslərə dair daha geniş məlumat tələbi bank sektoruna inamı zəiflədə bilər və tənzimləyici qurumun rəhbəri olaraq o, bu yanaşmanı dəstəkləmir.
“Qanunvericilik fərdi məlumatları qoruyur, lakin şübhəli əməliyyatlar yoxlanılmalıdır”, — deyə Kazımov vurğulayıb.

AMB sədri vergidən yayınmanın yalnız mümkün ssenarilərdən biri olduğunu, paralel olaraq dələduzluq və çirkli pulların leqallaşdırılması risklərinin də masada olduğunu qeyd edib.
Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov "AzPolitika"-ya şərhində bildirib ki, kartdan-karta köçürmələrlə bağlı tətbiq oluna biləcək məhdudiyyətlər ciddi problemlər yarada bilər.
“Bu əməliyyatların məhdudlaşdırılması mümkün deyil. Məncə, bu, vergi orqanının ortaya atdığı bir oyundur. Kartdan-karta gələn bütün ödənişlərin avtomatik şəkildə sahibkarlıq fəaliyyəti kimi təqdim olunması düzgün deyil. Əgər vergi orqanı hansısa vəsaitin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğunu iddia edirsə, bunu sübut etməlidir. Sadəcə bütün insanları ümumi şəkildə ittiham etmək doğru yanaşma deyil”, – deyə ekspert bildirib.

Ə.Həsənovun sözlərinə görə, məsələnin bu formada qoyuluşu əks nəticə verə bilər:“Bu cür yanaşma insanları yenidən nağd ödənişlərə yönəldə bilər. İnsanlar kartdan-karta köçürmələrə görə problem yaşamamaq üçün pulu bankdan çıxarıb nağd şəkildə bir-birinə verməyə üstünlük verə bilərlər. Nəticədə isə nağdsız ödənişlərin inkişafı ilə bağlı görülən işlərə mənfi təsir yaranar”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci il ərzində bank müştərilərinin hesablarından həyata keçirilən köçürmələrin sayı 1 milyard 60 milyon əməliyyata çatıb. Ümumi dövriyyə isə 507,4 milyard manat olub. Əməliyyatların böyük hissəsi rəqəmsal bankçılıq və mobil tətbiqlər üzərindən aparılıb.
Rəsmi statistikada ayrıca “kartdan-karta” əməliyyatların tam dəqiq sayı hər zaman ayrıca göstərilməsə də, Mərkəzi Bank və “Mastercard Advisors”un birgə araşdırmasına görə, Azərbaycanda elektron ticarətdə ödənişlərin 71%-i məhz kartdan-karta köçürmələr vasitəsilə həyata keçirilir.
Eyni zamanda, 2025-ci ildə Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 141,3 milyard manat olub, “Visa” kartları üzrə əməliyyatların sayı 160 milyon, həcmi isə 9,2 milyard manat təşkil edib, “MasterCard” kartları ilə isə 86,1 milyon əməliyyat aparılıb.
E. Bəyməmmədli
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.