AZ

SON DƏQİQƏ: Quru sərhədlər bu məsələ bitdikdən sonra AÇILACAQ

Pandemiya dövründən etibarən bağlı qalan Azərbaycan–Gürcüstan quru sərhədlərinin nə vaxt açılacağı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, yay mövsümünün yaxınlaşması və vətəndaşların Gürcüstan üzərindən digər ölkələrə daha rahat səfər etmək istəyi bu mövzuya marağı artırır. Uzun müddətdir tətbiq olunan məhdudiyyətlərin davam etməsi isə cəmiyyətdə müxtəlif suallar doğurur.

Mövcud vəziyyəti nəzərə alsaq, yaxın zamanda quru sərhədlərin açılması nə dərəcədə real görünür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, quru sərhədlərlə bağlı məsələ yalnız Gürcüstan istiqaməti ilə məhdudlaşdırılmamalıdır:

Cavanşir Abbaslı

“Bu məsələ təkcə Gürcüstanla bağlı deyil. Azərbaycanın digər ölkələrlə olan quru sərhədlərində də tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmalıdır. Sadəcə Gürcüstan yaxın məsafə və əlçatanlıq baxımından Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu istiqamətlərdən biridir. Burada turizm imkanları da rol oynayır. Amma əsas amil yaxın məsafədir”.

Ekspertin sözlərinə görə, təxminən 6 ilə yaxındır davam edən məhdudiyyətlər cəmiyyətdə müəyyən mənada adiləşib:

“Artıq insanlar bu vəziyyətə öyrəşiblər. Əvvəlki illərlə müqayisədə quru sərhədlərin bağlı qalması məsələsi o qədər də gündəmdə saxlanılmır. Zaman keçdikcə bu mövzu daha da arxa plana keçə bilər. Quru sərhədlərin açılması ilk növbədə biznes fəaliyyəti ilə məşğul olan insanlar üçün daha sərfəlidir. Amma bütövlükdə bu qərarın bütün təbəqələr üçün vacib olduğunu düşünürəm”.

Siyasi şərhçi hesab edir ki, yaxın aylarda sərhədlərin açılması gözlənilməsə də, mövcud vəziyyət artıq dalana dirənmiş sayılır:

“Hazırkı məhdudiyyətlərin uzun müddət davam etməsi real çıxış yolu kimi görünmür. Regionda, xüsusilə İran ətrafında baş verən proseslər yekunlaşdıqdan sonra Azərbaycanın cəmiyyətin gözlədiyi qərarı verəcəyini düşünürəm”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
17
2
konkret.az

3Mənbələr