AZ

“Qalib Azərbaycanın təməli Heydər Əliyev dövründə formalaşıb”-DEPUTAT

“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucu lideridir. Bu gün biz Heydər Əliyev irsindən danışarkən, əslində Azərbaycanın dövlətçilik irsindən danışmış oluruq. Bu dövlətçilik irsi isə özündə çoxsaylı mədəni, siyasi, diplomatik, sosial və hüquqi komponentləri birləşdirən böyük və zəngin bir irsdir”.

Picture

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili qeyd edib ki, dövlətçilik irsi əslində dövlətin bir təsisat kimi mövcudluğunu təmin edən ideoloji, siyasi və hüquqi dəyərlərin, prinsiplərin və ənənələrin məcmusudur. Bütün bunlar isə böyük dövlət xadimi, ulu öndər tərəfindən yaradılıb və formalaşdırılıb:
“Biz hazırkı gəldiyimiz nöqtədən 1990-cı illərin əvvəllərinə, ulu öndərin müstəqil dövlət quruculuğu illərinə qayıtsaq görərik ki, bugünkü qalib Azərbaycanın təməlləri məhz ulu öndər tərəfindən atılıb. Azərbaycanın qalibiyyətə gəldiyi yolun xarici siyasət fəlsəfəsi, dövlətçilik fəlsəfəsi, sosial dövlət ideyaları, hüquqi və demokratik dövlət quruculuğu üçün konstitusion əsasları məhz Heydər Əliyev tərəfindən yaradılıb. Həmin dövrdə qəbul edilən strateji qərarlar Azərbaycanı parçalanma, xaos və siyasi böhran təhlükəsindən xilas edərək güclü dövlətçilik modelinin formalaşmasına yol açdı.

Ona görə də bugünkü qalib Azərbaycan ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanın varisidir, onun davamıdır. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, regionda və beynəlxalq müstəvidə qazandığı nüfuz, iqtisadi inkişafı, siyasi sabitliyi və güclü ordusu məhz həmin möhkəm dövlətçilik təməllərinin nəticəsidir. Eyni zamanda bugünkü qalib Azərbaycan gələcəkdə daha qüdrətli Azərbaycanın əsaslarını müəyyən edir və milli inkişafın yeni mərhələsini formalaşdırır”.

Hikmət Babaoğlu həmçinin qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi strateji kurs İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir:“Müasir Azərbaycanın güclü ordusunun formalaşdırılması, ölkənin regional və qlobal enerji layihələrində aparıcı mövqeyə yüksəlməsi, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması da həmin strateji kursun məntiqi nəticəsidir. Azərbaycan artıq regionun əsas siyasi və iqtisadi aktorlarından biri kimi çıxış edir və beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətə çevrilib. Xüsusilə 44 günlük Vətən müharibəsində dövlətin siyasi iradəsi, xalqın birliyi və ordumuzun gücü sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi və milli qürur hissini özünə qaytardı. Bu qələbə həm də ulu öndərin müəyyən etdiyi dövlətçilik strategiyasının, milli birlik ideologiyasının və güclü dövlət konsepsiyasının real nəticəsi oldu. Ulu öndərin əsasını qoyduğu milli inkişaf strategiyası Azərbaycanı yeni mərhələyə – daha güclü, daha təhlükəsiz, daha müasir və daha rifahyönümlü gələcəyə aparan yolun möhkəm bünövrəsidir”.

Xalidə Gəray
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr