AZ

Dəri xəstəlikləri nədən yaranır?

Dəri xəstəlikləri son illərdə həm uşaqlar, həm də böyüklər arasında ən çox rast gəlinən sağlamlıq problemlərindən birinə çevrilib. 

Allergiyalar, stress, düzgün olmayan qidalanma, gigiyena qaydalarına əməl edilməməsi və müxtəlif infeksiyalar dəri problemlərinin yaranmasına səbəb olan əsas amillər sırasındadır.

Bəzi mütəxəssislər bildirirlər ki, bəzi dəri xəstəlikləri sadə görünməsinə baxmayaraq, vaxtında müalicə olunmadıqda ciddi fəsadlara yol aça bilər.

Bəs dəri xəstəlikləri niyə yaranır, onlardan necə qorunmaq mümkündür?

Tibb üzrə fəlsəfə doktoru, dermatoveneroloq Qabil Abdullayev “Cebheinfo.az”-a bildirib ki, dəri xəstəliklərinin yaranma səbəbləri olduqca genişdir:

“İnfeksion-bakterial mənşəli dəri xəstəlikləri bakteriyalar nəticəsində əmələ gəlir. Virus mənşəli dəri xəstəliklərinə isə əsasən herpeslər daxildir. Bu xəstəliklər daha çox dodaq və burun nahiyəsində müşahidə olunur.

Allergik mənşəli dəri xəstəlikləri də geniş yayılıb. Bu zaman orqanizm müxtəlif kimyəvi qıcıqlandırıcılara qarşı reaksiya verir. Qadınlarda allergiyalar daha çox məişətdə istifadə olunan təmizlik vasitələrindən yaranırsa, kişilərdə sement və digər tikinti materialları bu problemlərə səbəb ola bilir.

Dərinin irsi-genetik xəstəlikləri, sinir mənşəli problemləri və mədə-bağırsaq sistemindən qaynaqlanan dəri xəstəlikləri də mövcuddur. Bundan başqa, etiologiyası tam məlum olmayan dəri xəstəliklərinə də rast gəlinir və onların səbəbləri ilə bağlı elmi araşdırmalar hələ də davam edir. Dəri xəstəliklərindən qorunmaq üçün ilk növbədə sanitar-gigiyenik qaydalara əməl olunmalıdır.

Bu, xüsusilə infeksion, virus və allergik mənşəli problemlərin qarşısının alınmasında mühüm rol oynayır. Kimyəvi vasitələrlə təmas zamanı qoruyucu əlcək və maskalardan istifadə edilməsi tövsiyə olunur.

Dəriyə gündəlik qulluq vacibdir. Əllər vaxtında sabunlu su ilə yuyulmalı, lakin bəzi maye sabunların dəriyə zərər verə biləcəyi də nəzərə alınmalıdır. Dərinin qurumasının qarşısı alınmalı və onun nəmliyi qorunmalıdır. Duş qəbul edərkən hər gün şampun və ya sabundan istifadə etmək məsləhət deyil. Çünki bu vasitələr dərini həddindən artıq quruda bilər”.

Mütəxəssis xüsusilə yay aylarında günəş şüalarından qorunmağın vacibliyini qeyd edib və günəş kremlərindən istifadənin önəmli olduğunu vurğulayıb.

Dermatoveneroloq qeyd edib ki, stress, düzgün olmayan qidalanma və yuxu rejiminin pozulması da dəriyə ciddi təsir göstərir:

“Stress orqanizmin immun sistemini zəiflədərək sinir mənşəli dəri xəstəliklərinin yaranmasına şərait yaradır. Son dövrlərdə gənclər arasında geniş yayılan “fast food” qidaları da dəri problemlərinin əsas səbəblərindən biri hesab olunur. Buna görə də sağlam dəri üçün sağlam qidalanmaq tövsiyə edilir".

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr