AZ

Tiflisdə casus ovu başlayır- Gürcüstan bütün Qərb agentlərinin siyahısını açıqlamaqla hədələdi

Gürcüstanın Baş nazirinin müavini Mamuka Mdinaradze ölkədə fəaliyyət göstərən Qərb kəşfiyyat şəbəkələri ilə bağlı beynəlxalq skandala səbəb olacaq kəskin bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, keçirdiyi brifinqdə Mdinaradze Avropa dövlətlərini öz casuslarını təcili olaraq Gürcüstan ərazisindən çıxarmağa çağırıb.

O, rəsmi Tiflisin ölkədəki bütün Qərb agentlərinin şəxsi məlumatlarına, onların fəaliyyət trayektoriyasına və gizli əlaqələrinə dair geniş bazaya sahib olduğunu iddia edib.

"Mən hazırda "vəhşiləşmiş rejimdə" casusluq edən Avropa ölkələrindən xahiş etmək istəyirəm — Gürcüstan xüsusi xidmət orqanlarının bu barədə onların təsəvvür edə biləcəyindən qat-qat çox məlumatı var. Biz çox böyük həcmdə informasiyaya sahibik",- deyə Mdinaradze xəbərdarlıq edib.

Baş nazirin müavini bildirib ki, əgər kəşfiyyat fəaliyyətləri dayandırılmasa, Gürcüstan tərəfi bu şəbəkəni ifşa etmək və rezidentlərin kimliyini açıqlamaq məcburiyyətində qalacaq. Bu çıxış Gürcüstanın Avropaya inteqrasiya yolunda yaşadığı siyasi gərginliyin ən yüksək nöqtəsi hesab olunur.

 Mdinaradze həmçinin eyham vurub ki, xarici agentlər ölkədə daxili sabitliyi pozmağa və siyasi proseslərə müdaxilə etməyə çalışırlar. Tiflisdəki mənbələr yaxın günlərdə bəzi diplomatik missiyaların fəaliyyətində məhdudiyyətlərin ola biləcəyini istisna etmirlər.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr