AZ

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Daşkənd şəhərində silsilə tədbirlər təşkil olunub. İldönümü proqramı Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, proqram çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı Aysel Sadak İltashın müəllifi olduğu “İnsan qəlbi ilə Heydər Baba” kitabının təqdimatı keçirilib. Nəşrdə müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxslərin Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri toplanıb və bu materiallar onun şəxsiyyəti, dövlətçilik fəaliyyəti və insani keyfiyyətləri barədə dolğun təsəvvür yaradır.

Qeyd olunub ki, kitab Azərbaycanın Mədəniyyət Nazirliyinin və Özbəkistandakı səfirliyinin layihəsi, eləcə də səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi əsasında özbək dilinə tərcümə edilərək nəşr olunub.

Təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək nəşrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “İnsan qəlbi ilə Heydər Baba” kitabı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, siyasi fəaliyyətinin və yüksək insani keyfiyyətlərinin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Səfir qeyd edib ki, əsərin özbək dilinə tərcümə edilərək nəşri Azərbaycan və Özbəkistan xalqları arasında tarixi köklərə söykənən mədəni-ədəbi əlaqələrin daha da gücləndirilməsinə, ortaq mənəvi dəyərlərin geniş təbliğinə və qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə xidmət edir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, nəşrdə toplanmış xatirələr Ümummilli Liderin çoxşaxəli fəaliyyətini və zəngin şəxsiyyətini müxtəlif prizmalardan təqdim edir. Onun sözlərinə görə, kitabın özbək oxucularına təqdim olunması Azərbaycan-Özbəkistan-Türkiyə arasında humanitar əməkdaşlığın inkişafına töhfə verir və Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçilik ənənələrinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edir.

Özbək bəstəkarı və deputat Oydın Abdullayeva, professorlar Niginaxon Şermuxammedova və Cəmilə Şermuxammedova çıxışlarında kitabın Heydər Əliyevin şəxsiyyətini, dövlətçilik irsini və Türk dünyasının birliyi istiqamətində həyata keçirdiyi siyasəti dolğun şəkildə əks etdirdiyini bildiriblər.

Qeyd olunub ki, bu cür nəşrlər Azərbaycan–Özbəkistan mədəni-humanitar əlaqələrinin möhkəmlənməsinə və Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliğinə mühüm töhfə verir. Azərbaycan diasporunun nümayəndələri və yerli tələbələr də əsərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Kitabın müəllifi, yazıçı Aysel Sadak İltash bildirib ki, nəşrin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini və yüksək mənəvi dəyərlərini gələcək nəsillərə çatdırmaqdır. O qeyd edib ki, bu gün Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət böyük rəğbətlə qarşılanır.

Mərasimdə dövlət və mədəniyyət xadimləri, ictimai qurumların nümayəndələri, yaradıcı ziyalılar, tələbələr, media təmsilçiləri və Daşkənddə yaşayan azərbaycanlı diasporunun üzvləri iştirak ediblər.

Qeyd edilib ki, sözügedən nəşr Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin daha da möhkəmləndirilməsinə, qarşılıqlı mədəni mübadilənin genişləndirilməsinə və humanitar əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Seçilən
1
3
ikisahil.az

4Mənbələr