Avstraliyada böyük investorlar bioyanacaq sektoruna milyardlarla dollar sərmayə qoymağa hazır olduqlarını bildirirlər. Lakin bunun üçün hökumətin daha qəti və uzunmüddətli siyasət qərarları verməsi tələb olunur.
“ABC News” xəbər verir ki, bioyanacaqlar üzvi xammaldan istehsal olunur və daha az emissiya ilə seçilən alternativ yanacaq hesab edilir. Hazırda ölkədə bu sahə zəif inkişaf edib, çünki idxal olunan ənənəvi yanacaq daha ucuz başa gəlir və bazarda sabit tələbat yoxdur.
İnvestorlar bildirirlər ki, əgər hökumət yanacaqlara müəyyən faiz bioyanacaq qatılmasını məcburi etsə, bu, bazarda sabit tələb yaradacaq və iri investisiyaların önünü açacaq. Məsələn, “IFM Investors” şirkəti ilk mərhələdə təxminən 3 milyard dollarlıq bioyanacaq zavodu tikməyə hazırdır. Hökumət isə artıq yanacaq təhlükəsizliyini artırmaq üçün 10 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır. Bununla yanaşı, bioyanacaq istehsalının genişləndirilməsi üçün əlavə maliyyə də nəzərdə tutulub. Kənd təsərrüfatı sektoru da bu prosesdə maraqlıdır. Fermerlər bioyanacaq istehsalı üçün lazım olan xammalı təmin edə biləcəklərini bildirirlər. Hazırda isə bu xammalın böyük hissəsi xaricə ixrac olunur və orada emal edilir. Əsas problem tələbin zəifliyidir. Bioyanacaq istehsalı hələlik ənənəvi yanacaqla müqayisədə daha bahalıdır. Bu səbəbdən investorlar bazarda sabit gəlirə zəmanət verən mexanizmlər, xüsusilə dövlət tərəfindən müəyyən edilən məcburi qarışdırma kvotaları gözləyirlər.
Beynəlxalq təcrübə göstərir ki, belə mandatlar tətbiq olunan ölkələrdə bioyanacaq sektoru sürətlə inkişaf edir. Məsələn, ABŞ-də etanolun benzinlə qarışdırılması geniş yayılıb və bazarın böyük hissəsini təşkil edir. Bununla belə, bioyanacaqların bəzi riskləri də var. Xammal istehsalı üçün torpaq istifadəsi ərzaq istehsalı ilə rəqabət yarada və ekoloji təsirlərə səbəb ola bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”