AZ

Avropa Birliyinin Türkiyəyə ehtiyacı var - Ərdoğan

BAKI, TurkicWorld Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 May – Avropa Günü münasibətilə yayımladığı mesajda Avropa Birliyi ilə münasibətlərə dair diqqətçəkən açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Avropa inteqrasiyasının əsasını təşkil edən Şuman Bəyannaməsinin ildönümündə yayımladığı bəyanatda Avropa Birliyinin son illərdə çoxşaxəli siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə üzləşdiyini bildirib. Türkiyə lideri qeyd edib ki, qlobal müharibələr, siyasi qarşıdurmalar və iqtisadi çətinliklər fonunda Avropa Birliyi daha əhatəli və birləşdirici siyasət yürütməyə məcburdur.

Ərdoğan vurğulayıb ki, Avropa Birliyinə namizəd ölkə olan Türkiyə bu prosesin “əsas və vazkeçilməz elementi” olaraq qalır. Onun sözlərinə görə, Türkiyənin layiq olduğu yeri almadığı Avropa təhlükəsizlik və siyasi memarlığı natamam qalacaq və böhranların idarə olunması sahəsində zəiflik yaşayacaq.

Türkiyə Prezidenti bəyanatında “Avropa Birliyinin Türkiyəyə ehtiyacı, Türkiyənin Birliyə olan ehtiyacından daha çoxdur” ifadəsini yenidən səsləndirib. O bildirib ki, gələcək dövrdə bu ehtiyac daha da artacaq.

Ərdoğan əlavə edib ki, Ankara tamhüquqlu üzvlük perspektivi əsasında Avropa Birliyi ilə münasibətləri “qazan-qazan” prinsipi ilə inkişaf etdirmək niyyətindədir və bu istiqamətdə eyni səmimi yanaşmanı Brüsseldən də gözləyir.

Türkiyə lideri sonda 9 May Avropa Gününün qitədə sülh, həmrəylik və qarşılıqlı əməkdaşlığa töhfə verməsini arzulayıb.

Seçilən
44
turkic.world

1Mənbələr