AZ

“Evimi satıb işçilərin pulunu verdim, cibimdə bir qəpiyim yoxdur”

“Doqquz ildir gördüyüm işin qarşılığını ala bilmirəm, “Aqrar-Tikinti” şirkəti məni elə vəziyyətə saldı ki, cibimdə bir qəpiyim də  yoxdur”.

Bu şikayətlə “Qafqazinfo”ya Gəncə şəhəri, Xaqani küçəsi 33-də yaşayan Rəsul Həsənov müraciət edib.

O bildirib ki, “Aqrar-Tikinti” şirkətinin tərkibində fəaliyyət göstərən “R Servis” şirkəti onunla əməkdaşlıq edərək Gəncə şəhərində görüləcək abadlıq işlərinə cəlb edib: “VÖEN əsasında fəaliyyət göstərərək yaratdığım briqada ilə Gəncə şəhərində tamet döşənməsi işlərini görmüşük. Mənimlə birgə çalışan 25 işçi olub. Biz onlarla 15 avqust 2016-cı il tarixdə Gəncə şəhərində görüləcək abadlıq işləri ilə əlaqədar müqavilə bağladıq. Razılaşmaya əsasən, layihə çərçivəsində istifadə olunacaq tikinti materialları Yevlax rayonundakı zavoddan təmin edilib”.

Şikayətçinin sözlərinə görə, o, bir kvadratmetri 10 manat olmaqla ümumilikdə 7000 kvadratmetr (70 min manat dəyərində) tamet alaraq Gəncəyə gətirib: “Bundan əlavə materialların daşınması üçün 16 min manat xərc çəkilib. Ancaq bu şirkətlər razılaşmaya əməl etməyərək nə materialın, nə də daşınma xərclərinin pulunu ödəyib. Həmin tametləri Gəncə şəhərində səkilərə və yollara mənim işçilərimə döşətdirdilər. 25 fəhlənin əməyinin qarşılığı olan 29 min 345 manat da verilmədi. Beləliklə, ümumi zərər 115 min 345 manat təşkil edir. İşlədiyimiz vaxtın bütün fakturaları da var, sübutlar mövcuddur. Evimi satıb işçilərin pulunu verdim, indi özüm kirayələrdə bir qəpiksizəm...”

R.Həsənov qeyd edib ki, dəfələrlə qarşı tərəfə müraciət etsə də, problem həll olunmayıb: “Aqrar Tikinti” şirkətinin Gəncə filialının müdiri Maqsud mənə deyir ki, “Aqrar Tikinti” şirkətinin sahibi pulu verməlidir ki, ödənişlər edilsin. Mən isə onun qəbuluna düşə bilmirəm. İllərdir müraciət etmədiyim qurum qalmayıb. Məhkəməyə də müraciət etmişdik. İllərdir əziyyət çəkirəm, dələduzluq etdilər və bunu düzəltmədilər”.

İddialarla bağlı qarşı tərəflə - “Aqrar Tikinti” şirkətinin Gəncə filialının müdiri Maqsud Gülməmmədovla əlaqə saxladıq. Lakin o bildirdi ki, Rəsul Həsənov adlı şəxsi tanımır: “Mən artıq 7 ildir təqaüdə çıxmışam. Heç bilmirəm nədən, kimdən bəhs edirsiniz. Biz elə bir işçi ilə çalışmamışıq”.

"Cebheinfo.az"

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr