Ermənistanda kritik seçkilərə bir aydan da az vaxt qaldı. Gələn ayın 7-də bu ölkənin seçici yalnızca hansısa siyasi qüvvəyə, yaxud bloka deyil, faktiki həm də erməni xalqının gələcəyinə, bundan sonra hansı kursu tərcih edəcəyinə səs verəcək. Dünəndən başlayan təbliğat mübarizəsində hakimiyyətlə radikal müxalifət arasında ideoloji çəkişmənin qayəsində məhz bu durur.
“Ermənistan heç bir hərbi alyansın üzvü olmamalıdır”.
Bunu parlamentin sədri Alen Simonyan “Deutsche Welle” alman nəşrinə müsahibəsində Ermənistanın KTMT-yə üzvlüyü barədə danışarkən deyib.
“Harada yerləşdiyini və imkanlarını nəzərə alsaq, Ermənistan neytral olmalıdır. Çünki Ermənistan kiçikdir. Ölkəmin Rusiya, Avropa İttifaqı, ABŞ və ya hər hansı digər tərəf üçün sövdələşmə predmeti olmasını istəmirəm. Biz İran, Azərbaycan, Türkiyə və Gürcüstanın yanında yerləşirik. Dörd tərəf bağlıdır, dənizə çıxışımız yoxdur”, – Simonyan bildirib (Teleqraf).
Spikerə görə, keçmişdə baş verənlər Ermənistana çox şey öyrədib: “Keçmişin səhvlərini təkrarlamamalıyıq” - Simonyan əminlik ifadə edib.
Dünən isə o İnterfax-a müsahibəsində öz soydaşlarına müraciətlə belə demişdi: “Gəlin seçim edək: ya Rusiyanın və ya Fransanın əsarəti altında, diz çökmüş vəziyyətdə yaşayırıq, ya da kiçik ölkəmizin sahibi olmağa çalışırıq. Biz bir böyük qardaşı digəri ilə dəyişmirik”.
Qulağa xoş gələn sözlərdir. Amma və lakin...
Doğrudanmı Ermənistan keçmişin səhvlərindən artıq çox şey öyrənib, dərs götürüb? Gerçəkdənmi bu cırtdan ölkə bir daha böyük iddialarla, boyunu aşan ambisiyalarla yaşamayacaq?
Cavabı böyük ölçüdə 7 iyun parlament seçkilərinin və ondan sonra keçirilməsi gözlənilən konstitusiya referendumunun nəticələrindən biləcəyik. Bu xalq yenə də öz düşmənlərinə səs verəcək, yoxsa? Çünki hansısa hakimiyyət rəsmisinin nə söyləməsindən qat-qat önəmlisi cəmiyyətin nə düşünməsi, toplumun yaşadığı faciələrdən dərs götürməsidir.
Bu dərslərdən biri və birincisi, əlbəttə ki, Ermənistanın bundan sonra bir də heç vaxt qlobal və regional güclərin əlində qonşulara qarşı oyuncaq-maşa qismində istifadə edilməməsi öhdəliyi olmalıdır. 200 illik qələti düzəltmək zamanıdır!
“Maşa” deyərkən biz həm də saxta soyqırımı narrativi ilə Qərb və Rusiyanın on illərdir erməni cəmiyyətində hiyləgərcəsinə Türkə nifrəti daim “təzə” saxlamağa çalışmasını nəzərdə tuturuq. Regional sülhə ən böyük əngəllərdən biri də bu – ermənilər üçün ənənəvi düşmən obrazını gündəmdə saxlamaq.
İkincisi, Simonyanın arzuladığı neytral ölkə qonşularla “sıfır problemi” olan ölkədir. “Sıfır problem” üçün isə ilk növbədə həmin qonşulara qarşı ərazi iddialarından əl çəkilməlidir. Ermənistan bunu bacaracaqmı? Bacaracaqsa, demək ki, həqiqətən də başa gələnlərdən çox şey öyrəniblər. Çıxarılacaq dərslərdən biri də bu olacaq...

Bir daha təkrarlamaqda fayda var: iyunun 7-də erməni toplumu konkret bir qüvvəni qalib etməklə təzədən kiminsə boyunduruğuna girib-girməmək arzusunu nümayiş etdirəcək. Boyunduruqda olanın isə iradəsi, suverenliyi, subyektivliyi olmaz. Söz sahibliyi də eləcə. Ermənilər, nəhayət “ağasız”, russuz yaşamağı öyrənəcəkmi? Cavab tələb edən daha bir aktual sual bu.
Ona görə ki, Azərbaycan mütilər, nökərlər yığnağı ilə yox, öz taleyinə sahiblənmiş xalqla sülh müqaviləsi imzalamaq niyyətindədir. Elə bir sənəd ki, əslində, ermənilərin xalq kimi legitimliyini ilk dəfə təsdiqləmiş olacaq, çünki ona Ermənistan adında varlıq “metirkası”, “kupça“ verəcək.
Bu mənada Simonyanın ötən ay çıxışlarının birində söylədiyi “Ermənistanın təhlükəsizliyi Azərbaycana bağlıdır” sözləri onun yuxarıdakı fikirlərinin ruhu ilə səsləşir. Qalır cəmiyyətin əksəriyyətinin onun kimi düşünüb-düşünmədiyi və gələn ay verəcəyi qərar. Tarixi QƏRAR...