Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 9 may, AZƏRTAC
Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanakidə kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və seçici korpusunun dəyişdirilməsi cəhdləri ilə bağlı Fransaya ünvanladığı xəbərdarlığı alqışlayır və Fransadan Komitənin çağırışlarına dərhal əməl etməyi tələb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər BTQ-nin BMT Komitəsinin Kanaki ilə bağlı Fransaya xəbərdarlığını dəstəkləyən bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilir: “BTQ-nin mövqeyi ondan ibarətdir ki, Kanaki ilə bağlı hər hansı siyasi və inzibati dəyişiklik Kanak xalqının razılığı alınmadan həyata keçirilə bilməz. Komitə də məhz bu fikri təsdiqləyib. Bu, yalnız siyasi məsələ deyil, beynəlxalq hüququn, dekolonizasiya prosesinin və yerli xalqların kollektiv hüquqlarının əsas tələbi və haqqıdır.
BMT Komitəsinin hesabatında qeyd olunduğu kimi, Numea sazişi Kanak kimliyinin tanınması, daha geniş muxtariyyətin əldə edilməsi və Kanak xalqının öz siyasi gələcəyini müəyyənləşdirilməsi üçün mühüm çərçivə yaradıb. Bu çərçivəyə birtərəfli qaydada müdaxilə edilməsi və Numea sazişində təsbit olunmuş təminatların sual altına alınması sazişin yaratdığı siyasi-hüquqi tarazlığı pozur və Kanak xalqının öz siyasi gələcəyini sərbəst şəkildə müəyyənləşdirmək imkanlarını zəiflədir.
Bakı Təşəbbüs Qrupu Fransanın kənardan adaya yerləşdirdiyi gəlmələr hesabına səsvermə hüququ olan şəxslərin genişləndirilməsi istiqamətində atdığı addımları qəti şəkildə pisləyir. Kanak xalqının razılığı olmadan seçki korpusuna müdaxilə edilməsi yerli xalqın siyasi iradəsinin zəiflədilməsi, demoqrafik balansın dəyişdirilməsi və dekolonizasiya prosesinin nəticələrinin süni şəkildə təhrif olunması kimi qiymətləndirilməlidir.
Bununla yanaşı, 2024-cü ilin may ayında baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən həddindən artıq və qeyri-mütənasib güc tətbiqi, o cümlədən ölümcül zorakılıq halları ilə bağlı iddiaların müstəqil, şəffaf və səmərəli şəkildə araşdırılması barədə BMT Komitəsinin çağırışını dəstəkləyirik. Kanak insan hüquqları müdafiəçilərinin və müstəqillik tərəfdarı fəalların razılıqları olmadan Fransanın Avropa ərazisindəki həbsxanalara aparılması ilə bağlı narahatlıqlar da beynəlxalq insan hüquqları mexanizmləri tərəfindən diqqətlə araşdırılmalıdır.
Bakı Təşəbbüs Qrupunun müraciətindən sonra BMT mexanizmləri çərçivəsində bu məsələlərin xüsusi narahatlıq predmeti kimi gündəmə gətirilməsi və müvafiq xəbərdarlığın dərc edilməsi, təşkilatımızın qaldırdığı narahatlıqların beynəlxalq səviyyədə nəzərə alındığını və kanak xalqının hüquqlarının müdafiəsi istiqamətində konkret reaksiyaya səbəb olduğunu göstərir.
Fransanın kanak xalqını nəzərə almadan irəli sürdüyü təşəbbüslər müasir dövrdə davam edən müstəmləkəçi idarəçilik praktikasının bariz nümunəsidir. Kanaki əhalisinin gələcəyi Parisdə qapalı danışıqlarda deyil, kanak xalqının real, bərabər və səmərəli iştirakı ilə müəyyən edilməlidir.
Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim edilmiş alternativ hesabatdan sonra BMT mexanizmləri Fransa qarşısında bir sıra mühüm məsələlər qaldırıb. Bu məsələlər sırasında, adətən terrorla mübarizə və girovların azad edilməsi kimi xüsusi təhlükəsizlik əməliyyatlarında istifadə olunan Fransanın elit jandarm bölməsi GIGN-in Kanakiyə göndərilməsi ilə bağlı narahatlıqların nəzərə alınması, bu qüvvələrin iştirakı fonunda həddindən artıq və qeyri-mütənasib güc tətbiqi iddialarının müstəqil və şəffaf şəkildə araşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ifadə azadlığı və dinc toplaşmaq hüququnun qorunması, həmçinin eskalasiyanın səbəblərinin araşdırılaraq BMT-yə məruzə olunması yer alıb.
Bakı Təşəbbüs Qrupu Fransanı BMT Komitəsinin çağırışlarını tam və gecikmədən icra etməyə, kanak xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət göstərməyə, Numea sazişinin dekolonizasiya ruhuna sadiq qalmağa və Kanaki ilə bağlı bütün siyasi prosesləri yalnız Kanak xalqının sərbəst və məlumatlandırılmış razılığı əsasında davam etdirməyə çağırır.
Bakı Təşəbbüs Qrupu, həmçinin kanak xalqının ədalətli və azad gələcək uğrunda mübarizəsi ilə həmrəyliyini bir daha təsdiq edir və beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki neokolonial siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.