Marja.az saytına istinadən ain.az xəbər verir.
"Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi - həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası – “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda".
Marja xəbər verir ki, bunu Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq:
"Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.
Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır - yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi “Xudafərin”, “Qız Qalası” su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik. Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.