BAKI, TurkicWorld
Görüş çərçivəsində tərəflər qlobal iqlim dəyişikliyi ilə mübarizədə mədəni irsin qorunması, ekoloji sahədə məlumatlılığın artırılması və Türk dünyasının bu istiqamətdəki birgə fəaliyyət imkanlarını müzakirə ediblər.
TurkicWorld xəbər verir ki,Görüş zamanı Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın Türk xalqlarının zəngin maddi-mənəvi dəyərlərinin təbliği və mühafizəsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, ətraf mühitlə harmoniyanın Türk mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu vurğulayaraq, COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsinin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüş zamanı tərəflər Astanada keçirilmiş Regional Ekoloji Sammitin (RES 2026) nəticələrinə xüsusi toxunublar. Aktotı Raimkulova qeyd edib ki, RES 2026 dünya ölkələri, o cümlədən Türk dövlətləri arasında ekoloji təhlükəsizlik və biomüxtəlifliyin qorunması istiqamətində mühüm bir dialoq meydanına çevrilib.
Cənab Muxtar Babayev iqlim dəyişikliyinin bu gün bəşəriyyətin üzləşdiyi ən ciddi sınaqlardan biri olduğunu qeyd edərək, bu problemin mədəni və ekoloji irsin davamlılığına birbaşa təsir etdiyini diqqətə çatdırıb. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə sadəcə texnoloji deyil, həm də dəyərlər sisteminə söykənən bir məsələdir.
Bu baxımdan, Türk xalqlarının təbiətə həssas münasibətini özündə birləşdirən zəngin irsinin beynəlxalq iqlim gündəliyinə inteqrasiya edilməsinin vacibliyi vurğulanıb.
Sonda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.