İspaniyanın San-Xorxe Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, əzələlər təkcə hərəkət üçün deyil, həm də immun sistem, beyin fəaliyyəti, maddələr mübadiləsi və hətta xərçəngdən qorunmada mühüm rol oynayır.
HİT.az xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.
Alimlərin sözlərinə görə, müasir elm əzələləri artıq sadəcə “mexaniki mühərrik” kimi deyil, endokrin orqan kimi qiymətləndirir. Əzələ yığılması zamanı yüzlərlə siqnal molekulu — miokinlər — ifraz olunur. Onlar qan vasitəsilə beyin, qaraciyər, piy toxuması və immun sisteminə təsir göstərir.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf “fiziki məşq dərmandır” fikrini ortaya çıxarıb, lakin onların fikrincə bu ifadə hələ tam kifayət etmir.
“Əslində fiziki aktivlik orqanizm üçün nəfəs alma və qidalanma qədər vacibdir, hərəkətsiz həyat tərzi isə xəstəlik mənbəyi kimi qiymətləndirilə bilər”, deyə araşdırmada qeyd olunur.
Ən çox öyrənilən miokinlərdən biri interleykin-6 (IL-6) sayılır. Güclü fiziki aktivlik zamanı onun səviyyəsi 100 dəfəyə qədər arta bilər. Bu maddə immun reaksiyanı tənzimləyir və xroniki iltihabı azaldır.
Digər vacib maddələr irisin və BDNF (beyin neyrotrofik faktoru) hesab olunur. Onlar yaddaş, öyrənmə və idrak funksiyalarının qorunması ilə əlaqəlidir.
Alimlər “əzələ–beyin oxu” adlanan mexanizmin mövcudluğunu da vurğulayırlar. Fiziki aktivlik zamanı sinir hüceyrələrinin yenilənməsini stimullaşdıran maddələr ifraz olunur.
Bundan əlavə, idman qan şəkərini tənzimləyir, yağ mübadiləsini yaxşılaşdırır və 2-ci tip diabet riskini azaldır. Həmçinin ürək-damar sisteminə müsbət təsir göstərərək damarların elastikliyini artırır və təzyiqi azaldır.
Əzələlərin sümük sağlamlığında da rolu var — miokinlər sümük toxumasının formalaşmasını dəstəkləyir və osteoporoz riskini azaldır.
Ən mühüm nəticələrdən biri isə xərçəng riskinə aiddir: fiziki aktivlik zamanı orqanizmdə şiş hüceyrələrinin böyüməsini zəiflədən və DNT zədələnməsini azaldan maddələr artır. Eyni zamanda immun hüceyrələr potensial təhlükəli hüceyrələri daha erkən mərhələdə məhv edir.
Tədqiqatçılar qeyd edirlər ki, hətta bir dəfə məşq etmək belə bu qoruyucu miokinlərin səviyyəsini nəzərəçarpacaq dərəcədə artırır.
Samir