DOST xidmətlərindən ötən dövrdə 4,4 milyondan çox vətəndaş faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,8 faizdir.
Bu gün vətəndaş məmnunluğuna təminat yaradan DOST xidmətlərinə başlanmasından 7 il ötür. 2019-cu il mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və 1 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
“İki sahil” xəbər verir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST modeli son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir və dövlət sosial xidmətlərinin- 14 istiqamət üzrə 162 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir.
İndiyədək 7 DOST Mərkəzi, 2 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır. 2030-cu ilədək bütün ölkənin DOST şəbəkəsi ilə əhatə edilməsi nəzərdə tutulub.
DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Agentlik ötən dövrdə 60-dan çox beynəlxalq mükafat, o cümlədən 10-dan çox “Avropa üçün yaxşı təcrübə mükafatı”na layiq görülüb.
Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan “Könüllü DOST” proqramında isə ötən dövrdə 8 minədək könüllü iştirak edib. Onlar dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə töhfələrini verməklə yanaşı, vətəndaşlara xidmət sahəsində təcrübə, bacarıq, işgüzar vərdişlər də əldə ediblər.