Türkiyə artıq yalnız NATO-nun üzvü və ya regional geopolitik oyunçu kimi deyil, həm də Avropa məkanı üçün hərbi təhlükəsizliyin gələcək təminatçısı statusunda da qəbul olunmağa başlayıb... Bu baxımdan, Türkiyə tədricən Avropa ölkələri üçün “ikinci ABŞ” funksiyasını yerinə yetirə biləcək yeganə regional supergüc modelinə böyük sürətlə yaxınlaşır...
ABŞ Avropanın hərbi təhlükəsizlik təminatçısı rolundan imtina etdikdən sonra “qoca qitə” ölkələri olduqca çıxılmaz vəziyyətə düşüblər və taleyüklü seçim qarşısında qalıblar. Belə ki, Avropa ölkələri indi yeni hərbi “təhlükəsizlik çətiri”nə möhtacdır və belə bir müdafiə sistemini qısa müddətdə reallığa çevirmə imkanlarından çox-çox uzaqdırlar. Və ona görə də, hazırda “qoca qitə” ölkələri Avropanın təhlükəsizliyinə təminat verə biləcək yeni hərbi-siyasi iradə mərkəzini müəyyən etməyə cəhd göstərirlər.
Onu da qeyd etmək lazımdır ki, hələlik Avropa ölkələri indiki mərhələdə yalnız Türkiyənin “təhlükəsizlik çətiri”nə sığına biləcəkləri ilə bağlı qənaətə gəlməyə başlayıblar. Onların fikrincə, hazırda məhz yalnız Türkiyə Avropa məkanı üçün vaxtilə ABŞ-ın oynadığı təhlükəsizlik təminatçısı missiyasını öz üzərinə götürməyə qadirdir. Və bu istiqamətdə artıq bəzi avanqard Avropa Birliyi ölkələri öz dəstəkləyici mövqelərini açıqlamağa da başlayıblar.

Maraqlıdır ki, əksər “qoca qitə” ölkələri qlobal hərbi-siyasi sistemin dərin transformasiya mərhələsinə daxil olmasından ciddi narahatlıq keçirdiklərini artıq qətiyyən gizlətmirlər. Onların qənaətlərinə görə, indiki şəraitdə Avropa Birliyi təhlükəsizlik, enerji və logistika baxımından, yeni strateji dayaqlar axtarmağa məcbur qalıb. Xüsusilə də, Ağ Ev sahibi Donald Trampın NATO ilə bağlı qeyri-müəyyən mesajları, Almaniyadan ABŞ qoşunlarının çıxarılma ehtimalı və Vaşinqtonun Avropanın təhlükəsizliyinə əvvəlki səviyyədə bağlı qalmaya biləcəyi barədə xəbərdarlıqlar Brüsseldə olduqca ciddi narahatlıq yaradıb.
Elə məhz ona görə də, son vaxtlar Avropa siyasi dairələrində Türkiyənin geostrateji əhəmiyyəti sürətlə artmağa başlayıb. Xüsusilə də, Avropa siyasi dairələrinin son mesajları onu göstərir ki, “qoca qitə”nin yeni təhlükəsizlik arxitekturası artıq Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya olmadan təsəvvür edilmir. Analoji geopolitik mesajlarından biri də ondan ibarət idi ki, Avropa məkanı üçün “yeni sabitlik oxu” məhz Türkiyədən başlayır.
Digər tərəfdən, Türkiyə mediasının iddiasına görə, Avropa Birliyi daxilində rəsmi Ankara ilə hərbi-siyasi koordinasiyanın genişləndirilməsi artıq alternativ seçim variantı deyil, məhz birmənalı şəkildə geostrateji zərurət kimi qiymətləndirilir. Çünki Qərb liderləri anlayırlar ki, ABŞ-ın qlobal prioritetlərini sürətlə dəyişdirdiyi bir mərhələdə “qoca qitə”nin təhlükəsizlik yükünü tam şəkildə yalnız Avropa dövlətlərinin öz imkanları ilə daşıması olduqca çətindir. Bu baxımdan, NATO çərçivəsində ikinci ən böyük və güclü orduya sahib olan Türkiyə Avropa məkanı üçün yeni “strateji təhlükəsizlik çətiri” rolunda ön plana çıxır.

Maraqlıdır ki, Polşanın baş naziri Donald Tusk tərəfindən səsləndirilən son fikirlər Avropada artan təhlükəsizlik narahatlığının gəldiyi miqyası göstərir. Belə ki, Donald Tusk Rusiyanın NATO-nun şərq cinahına mümkün hücum riskinin ciddi şəkildə yüksəldiyini vurğulayıb. Onun fikrincə, Rusiya ilə potensial hərbi qarşıdurmaya hazırlıq mərhələsi artıq illərlə deyil, aylarla ölçülür. Polşa baş naziri NATO-nun, xüsusilə də, ABŞ-ın Avropanı müdafiə etməyə siyasi və logistik baxımdan, hansı səviyyədə hazır olduğu barədə şübhələrini də gizlətməyərək, açıq şəkildə dilə gətirib. Və bu isə transatlantik münasibətlərdə artıq yeni çatların formalaşmaqda olduğunu göstərir.
Ancaq əslində, Avropa ölkələrinin Türkiyəyə yaxınlaşma istiqamətinə yönəlməsi yalnız hərbi təhlükəsizlik amili ilə də bağlı deyil. Belə ki, bu prosesdə enerji marşrutları, logistika dəhlizləri və qlobal ticarət yollarının ciddi şəkildə dəyişməsi də həlledici səviyyədə rol oynayır. Bu barədə danışan Almaniyanın sabiq prezidenti Kristian Vulfun Türkiyənin qlobal missiyası ilə bağlı fikirləri isə xüsusilə böyük maraq doğurur. Onun fikrincə, müasir dünya Türkiyəyə artıq əvvəlkindən daha çox ehtiyac duyur. Xüsusilə də, Hörmüz boğazı ətrafında artan hərbi risklər səbəbindən “qlobal təchizat zəncirləri” Aralıq dənizi limanlarına yönəlməyə başlayıb. Və bu isə Türkiyənin həm geopolitik, həm də geoiqtisadi əhəmiyyətini daha kəskin şəkildə artırır.
Onu da qeyd etmək lazımdır ki, hazırda Türkiyə faktiki olaraq, üç əsas geostrateji xəttin kəsişməsində yerləşir. Birincisi, Türkiyə NATO daxilində ABŞ-dan sonra ən böyük hərbi güclərdən biri olaraq, Avropanın təhlükəsizlik sistemində həlledici rol oynaya bilər. İkincisi, Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyaya çıxış imkanları sayəsində Avropa üçün alternativ enerji və nəqliyyat dəhlizlərinin əsas tranzit mərkəzinə çevrilir. Üçüncüsü isə, Yaxın Şərqdə davam edən hərbi-siyasi böhranlara paralel olaraq, Türkiyə regionlararası balans yaradan çox nadir geopolitik aktorlardan biri kimi çıxış etməyi də bacarır.

Bütün bunlar onu göstərir ki, Avropa Birliyi artıq yalnız ABŞ-ın verdiyi təminata söykənən təhlükəsizlik modelinin “qoca qitə”nin müdafiə sistemi üçün kifayət etmədiyini tədricən qəbul etməyə başlayıb. Çünki ABŞ qlobal siyasət məkanında öz əsas prioritetlərini məhz Asiya-Sakit okean regionuna yönəltməkdədir. Ukrayna savaşının Avropa ölkələrini uzunmüddətli hərbi və iqtisadi böhranla üz-üzə qoyma ehtimalı mövcuddur. Və eləcə də, Rusiya ilə qarşıdurmanın genişlənmə təhlükəsi də Avropa Birliyini yeni hərbi-siyasi tərəfdaşlıq formatları axtarmağa vadar edir.
Göründüyü kimi, bu geostrateji prosesdə Türkiyə tədricən Avropa ölkələri üçün “ikinci ABŞ” funksiyasını yerinə yetirə biləcək yeganə regional supergüc modelinə sürətlə yaxınlaşır. Rəsmi Ankara artıq yalnız NATO-nun üzvü və ya regional geopolitik oyunçu kimi deyil, həm də Avropa üçün təhlükəsizliyin əsas gələcək təminatçısı statusunda qəbul olunmağa başlayıb. Və bu isə yaxın gələcəkdə Türkiyə-Avropa Birliyi münasibətlərinin həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan, tamamilə yeni mərhələyə keçə biləcəyini də göstərir.(musavat.com)