Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.
Musavat.com xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb.
Belə ki, açarların təqdim edilməsi mərasimində sakin bildirib ki, onların toy günləridir:
İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz.
Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz.
İlqar Seyidalıyev: Çox sağ olun, çox var olun!
Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun. Neçənci ildə evlənmisiniz?
İlqar Seyidalıyev: 1992-ci ildə.
Mehriban Əliyeva: Təbrik edirəm sizi.
İlqar Seyidalıyev: Çox sağ olun.
Prezident İlham Əliyev: 1992-ci ildə, işğala bir il qalmış.
İlqar Seyidalıyev: Bəli.
Prezident İlham Əliyev: Sonra haraya köçdünüz işğal dövründə?
İlqar Seyidalıyev: Mən bu zastavanın rəisi idim, öz kəndimizdə hərbçi idim. İşğaldan sonra da xidmətə davam etdim.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada məskunlaşmışdınız?
İlqar Seyidalıyev: Ailəm İmişlidə, mən də döyüşlərdə.