AZ

“Xəyali Ermənistan bitdi” - Simonyandan etiraf dolu çıxış

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin xarici siyasəti, təhlükəsizlik strategiyası və Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Simonyan Ermənistanın NATO-ya üzv olmaq niyyətində olmadığını və neytral dövlət modelini daha uyğun hesab etdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistan mürəkkəb coğrafiyada yerləşir və buna görə də hərbi bloklara qoşulmaq ölkə üçün risk yarada bilər:

“Ermənistan NATO-ya üzv olmaq iddiasında deyil və bundan sonra da olmayacaq. Ermənistan üçün ən yaxşı seçim neytral dövlət olmaq və heç bir hərbi blokda iştirak etməməkdir”.

Simonyan Rusiyanın Gümrüdə yerləşən hərbi bazasının çıxarılmasının müzakirə edilmədiyini də vurğulayıb:

“2044-cü ilə qədər baza Ermənistanda qalacaq. Sonrasına baxacağıq”.

O, Qarabağ məsələsinə toxunaraq bildirib ki, “Dağlıq Qarabağ hərəkatı” artıq Ermənistan üçün bağlanmış səhifədir:

“Qarabağ həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini zəiflətmək üçün yaradılmış tələ idi. Mən sevinirəm ki, biz bu yükdən qurtulduq”.

Simonyan Ermənistanın uzun illər “xəyali Ermənistan” düşüncəsi ilə yaşadığını da etiraf edib:

“Bizə elə gəlirdi ki, bugünkü sərhədlər keçicidir və gələcəkdə daha artığına nail olacağıq. Amma bunun nə resursu, nə də məntiqi var. Ermənistanın beynəlxalq tanınmış sərhədlərindən başqa ərazisi yoxdur”.

O əlavə edib ki, Ermənistan hökuməti “xəyali Ermənistanı” “real Ermənistanla” əvəz etməyə çalışır və bu istiqamətdə siyasətini davam etdirəcək.

Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr