AZ

Papikyan: Nə dəhliz var, nə də savaş – Artıq sülh və TRIPP var

Ermənistan hakimiyyəti seçki kampaniyasında TRİPP marşrutu mövzusunu yenidən ön plana çıxarıb.

Musavat.com erməni mediasına xəbər verir ki, müdafiə naziri Suren Papikyan Qafanda keçirilən seçki mitinqində çıxışı zamanı müxalifətin illərdir irəli sürdüyü “Sünik dəhlizi” iddialarına cavab verib.

Hakim Vətəndaş Müqaviləsi partiyasının tədbirində danışan müdafiə naziri bildirib ki, 2021-ci ildə eyni meydanda çıxış edərkən “dəhliz olmayacaq” dediyini xatırlayır.

“Hökumət verdiyi sözü tutub. Nə dəhliz var, nə də savaş. Əksinə, sülh və TRIPP var”,- deyə Papikyan bildirib.

O əlavə edib ki, TRIPP layihəsi gələcəkdə Sünikin inkişafının əsas istiqamətlərindən birinə çevriləcək.

Papikyanın çıxışında diqqət çəkən məqamlardan biri isə “sülh” ritorikası ilə paralel şəkildə geniş hərbi istehkam layihələrindən danışması olub.

Ermənistan müdafiə naziri bildirib ki, son illərdə Sünikdə ordunun möhkəmləndirilməsi istiqamətində böyük işlər görülüb. Onun sözlərinə görə:

  • bölgədə 22 möhkəmləndirilmiş müdafiə rayonu,
  • 33 ayrıca müdafiə sahəsi yaradılıb,
  • bu məqsədlə təxminən 40 milyard dram vəsait xərclənib.

Papikyan əlavə edib ki, tikinti və hərbi möhkəmləndirmə işləri hazırda da davam edir.

Beləliklə, Ermənistan hakimiyyəti bir tərəfdən “sülh”, “dəhlizin olmaması” və regional sabitlik mesajları verir, digər tərəfdən isə Sünikdə genişmiqyaslı müdafiə infrastrukturu qurulduğunu açıq şəkildə nümayiş etdirir. Müdafiə nazirinin çıxışı da bu ziddiyyətli mənzərəni bir daha ortaya qoyub.

Musavat.com

Seçilən
0
5
musavat.com

6Mənbələr