AZ

Ulu Öndər Heydər Əliyev yalnız siyasi lider deyil, həm də böyük ideoloq idi » AzadMedia.az

Ulu

Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


Azərbaycan xalqının taleyində silinməz iz qoymuş dahi şəxsiyyətlər zaman keçdikcə daha böyük ehtiramla xatırlanır. Belə tarixi simalardan biri də müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevdir. Onun həyat yolu xalqına sonsuz xidmət, dövlətinə sədaqət və Azərbaycançılıq ideologiyasına bağlılıq nümunəsidir. Ulu Öndərin anadan olmasının 103 illiyi münasibətilə onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini bir daha böyük qürur hissi ilə yad edirik.

Ulu öndər Heydər Əliyev bütün ömrünü Azərbaycanın inkişafına, xalqın rifahına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə həsr etmişdir. O, hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın iqtisadi, mədəni və elmi potensialının yüksəldilməsi istiqamətində mühüm addımlar atmışdı. Məhz onun təşəbbüsü ilə yüzlərlə zavod, fabrik, məktəb və mədəniyyət ocaqları yaradılmış, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradılmışdır.

Bu uzaqgörən siyasət sonradan müstəqil Azərbaycanın peşəkar milli kadr potensialının formalaşmasına böyük töhfə verdi.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi və iqtisadi böhran yaşayarkən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Onun qətiyyəti, siyasi müdrikliyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanda sabitlik və inkişaf dövrü başladı. Dövlət çevrilişlərinin, xaosun və vətəndaş qarşıdurmasının qarşısı alındı, hüquqi və demokratik dövlət quruculuğunun əsası qoyuldu.

Ulu Öndərin ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini əbədi və dönməz etməsi idi. O, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması üçün mühüm diplomatik addımlar atdı, ölkəmizin dünya dövlətləri ilə münasibətlərini genişləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu müqavilə ölkəmizin enerji strategiyasını müəyyənləşdirdi və Azərbaycanı dünyanın mühüm enerji mərkəzlərindən birinə çevirdi.

Heydər Əliyev yalnız siyasi lider deyil, həm də böyük ideoloq idi. O, milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycan dilinin inkişafına, gənclərin vətənpərvərlik ruhunda yetişməsinə xüsusi diqqət yetirirdi. Onun əsasını qoyduğu Azərbaycançılıq məfkurəsi bu gün də xalqımızın milli birliyinin əsas dayağıdır.

Ulu Öndərin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağın işğaldan azad edilməsi idi. O, daim inanırdı ki, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq və ölkəmizin suverenliyi tam bərpa olunacaq. Bu müqəddəs arzu Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalandı.

Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü, qüdrətli və nüfuzlu dövlətə çevirmişdir. Bu gün ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, beynəlxalq uğurlar, iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi Heydər Əliyev ideyalarının yaşayaraq inkişaf etdiyini göstərir.

Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.
Bu gün Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır. Onun müəyyən etdiyi yol xalqımız üçün daim inkişaf, tərəqqi və milli birlik yoludur. Ulu Öndərin həyat və fəaliyyətindən gələcək nəsillər də örnək götürəcək, onun dövlətçilik irsi daim yaşayacaqdır.

Ulu öndər Heydər Əliyev xalqının yaddaşında təkcə böyük siyasətçi kimi deyil, həm də Vətənini sonsuz məhəbbətlə sevən müdrik lider kimi əbədi yaşayacaqdır. Onun ideyaları yaşayır, arzuları gerçəkləşir və Azərbaycan hər gün daha da güclənərək onun görmək istədiyi zirvələrə doğru inamla irəliləyir.
Ruhu şad olsun!

Seçilən
1
50
azadmedia.az

10Mənbələr